ABŞ-la münasibətlərdə “Şuşa variantı” – Politoloqdan sensasion versiya

Globalinfo.az politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

– Oqtay bəy, noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Blinken Prezident İlham Əliyevin şərtlərini qəbul edib, razılaşdı. Lakin ABŞ-la münasibətlər hələ də düzəlmir. Bunun səbəbi nədir?

– ABŞ-ın Güney Qafqaza yönəlik müəyyən siyasəti var. 35 ildir davam edən bu siyasətdə köklü dəyişikliklərin olacağını düşünmürəm. Zaman-zaman ABŞ-Azərbaycan münasibətlərində ziqzaqlar mövcud olub. Azərbaycanın keçirdiyi antiterror əməliyyatlarından sonra ölkəmizə qarşı təzyiqləri geniş miqyas aldı. Birləşmiş Ştatların konqresmen və senatorları ilə bərabər, Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən də eyni addım atıldı. ABŞ Dövlət katibinin keçmiş müavini Yuri Kimin sentyabr ayında keçirilən dinləmələrdə Azərbaycana qarşı səsləndirdiyi fikirlər də buna nümunədir.

ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” da rəsmi Bakıya qarşı yönəlmiş addım idi. Sözügedən yanaşmalar iki ölkə arasındakı münasibətlərdə ciddi böhran yaratdı. Azərbaycan isə həmin mövqelərə adekvat cavab verdi. Bu da ABŞ üçün gözlənilməz oldu. Birləşmiş Ştatlar hegemon dövlət olaraq özünə əmin şəkildə davranırdı. Hesab edirdi ki, 30 ildən artıq müddətdə Azərbaycan əleyhinə ermənilərlə münasibətinə sakit yanaşma göstəriləcək. Lakin belə olmadı: rəsmi Bakı ortaya sərt mövqe qoydu.

Amerika Birləşmiş Ştatları öz mövqeyində müəyyən dəyişikliklər etmək istədiyi üçün Entoni Blinken Prezident İlham Əliyevə zəng etdi və irəli sürülən şərtlərə razılıq verdi.

– Bu arada, ABŞ səfiri Mark Libbi Bakıya gəldi. Ən gərgin dövrdə işə başlayır. Nələr olacaq?

– Bir ildən artıq müddətdə ABŞ səfirinin yerinin boş qalması Vaşinqton siyasətinin təzahürü idi. ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen ölkəmizə gəlir. Bundan sonra iki tərəf arasındakı münasibətlərə ciddi aydınlıq gətiriləcək.

– ABŞ rəsmiləri ilə yanaşı, mediasında da Azərbaycan əleyhinə fikirlər səsləndirilir…

– ABŞ mətbuatının Azərbaycan əleyhinə xəbərlər yayması yenilik deyil. “Vaşinqton Post” qəzeti birbaşa Dövlət Departamentinə bağlıdır. Mətbuat üzərindən təzyiqlər isə ABŞ-ın yumşaq gücü hesab edilir. Bu təzyiqlərin davam edəcəyini də nəzərə almalıyıq. İki ölkə arasındakı münasibətlər bundan sonrakı dövrdə də ziqzaqlı olacaq.

Oqtay Qasımov

– Bəs münasibətlər necə nizamlanacaq?

– Bu, ABŞ-dan asılıdır. ABŞ öz maraqlarını həyata keçirmək üçün Azərbaycanın maraqlarını tapdalamalı deyil. Rəsmi Bakıya Ermənistan üzərindən təzyiqlərin edilməsi də yolverilməzdir. Ceyms Obrayenin verdiyi bəyanatlarda “Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi və kommunikasiyaların açılmasını rəsmi İrəvanın şərtləri ilə edilməlidir fikri” tamamilə qəbuledilməzdir. Amerika eyni zamanda Qarabağ erməniləri məsələsini də ölkəmizə qarşı təzyiq  kimi istifadə etməyə çalışır. ABŞ və Qərb dairələrinin qəzəbinə səbəb olan da məhz bu məsələ idi. Bölgədə davam edən Qərb-Rusiya qarşıdurmasının nə zaman bitəcəyini söyləmək çətindir.

Qərbin ikili standartlarla məsələyə yanaşması kifayət qədər ciddi problemlər yaradır. Guya sankisyalar tətbiq etdiyi Rusiya ilə ticarət dövriyyəsi yüksək səviyyədə qalır. Qərb nəşrinin məlumatına görə, tərəflər arasında təkcə enerji daşıyıcılarının ticarətinin dövriyyəsi gündə 1 milyard dollar təşkil edir. Rusiya Hərbi Sənaye Kompleksinin ehtiyac duyduğu yüksək texnoloji avadanlıqlar bu gün Qərbdən təmin edilməkdədir. Buna baxmayaraq, ABŞ Türkiyənin guya Rusiyaya sanksiyalarının yumşaldılmasına dəstək verdiyini də söyləyir. Bu ikili standartlar davam etdikcə münasibətlərin toparlanması çətin olacaq.

– Adətən bu cür diplomatik böhranlarda səfirlər krizin həlli üçün nə kimi işlər görürlər?

– Səfirlər öz ölkələrindən aldıqları təlimat üzrə hərəkət edirlər. Bu çərçivədən kənara çıxmaq imkanları yoxdur. Lakin təbii ki, səfirin prosesə subyektiv şəkildə müsbət və mənfi təsiri olacaq. Vaşinqton siyasətində dəyişiklik olarsa, bu, ABŞ səfirinin Şuşaya və ya işğaldan azad edilmiş digər ərazilərə səfəri zamanı müşahidə ediləcək.

Safura Bənnayeva
Globalinfo.az