Globalinfo.az xalq artisti, pianoçu və caz ifaçısı Cavan Zeynallı ilə müxtəlif mövzular ətrafında söhbətləşib.
Müsahibəni təqdim edirik:
– Cavan müəllim, necəsiniz, səhhətiniz necədir?
– Yaş öz sözünü deyir, artıq qocalmışam. Amma sağlamlığım çox yaxşıdır. Çünki sağlam qidalanıram, siqaret çəkmirəm, spirtli içki qəbul etmirəm. Bu məsələlərə həmişə fikir vermişəm. Atam da bu məsələlərdə mənə nümunə olub. Hər şey ailədən başlayır.
– Həyat yoldaşınızın vəfatından sonra kiminlə yaşayırsınız?
– Tək yaşayıram. Xanımım 5 ildir dünyasını dəyişib, övladım da yoxdur…
– Cavan müəllim, tibb inkişaf edib, özünüz sənət adamısınız, müəyyən qədər maddi baxımdan yaxşı yaşamısınız. Heç övladınızın olması üçün cəhd etmisinizmi?
– Açığı, cəhd etmədim. Çünki həmişə qastrollarda olmuşam. Evdə çox az qalırdım. Daim Moskvaya, Ukraynaya, İtaliyaya, Fransaya, Amerikaya gedirdim. İşim belə idi. Həyat yoldaşım da bəzən deyirdi ki, bəs bizə nə zaman vaxt ayıracaqsan? Mən də deyirdim, düzələcək. Elə bilirdim hər zaman fürsətimiz olacaq, amma yanlış düşünmüşəm. Hər şey zamanında gözəldir. İnsan gərək birinci özünü, ailəsini düşünsün… Yenə də qismət deyib keçirəm.
– Əvvəl tez-tez televiziyalarda çıxış edirdiniz. Bəs əməyinizin qarşılığını alırdınız, yoxsa efirə çıxmaq üçün ödəniş alırdılar?
– Mənə bir qəpik də verilməyib. Hər zaman televiziyaya çıxır, danışır, ifa edirdim. Buna görə ödəniş etmirdim, ödəniş də almırdım. Bunun qarşılığında təşəkkür edirdilər sadəcə. Halbuki sən televiziyaya çıxırsansa, sənətini təqdim edirsənsə, bunun qarşılığında qonorar verilməlidir. Mən utanardım onlara deməyə, heç nə demirdim.
– Müğənni Xatirə İslam da bir dəfə sənətçilərin efirlərdə çıxışlarına görə qonorar almalı olduqlarını bildirmişdi. Lakin o zaman xanım ifaçını əksəriyyət tənqid edirdi.
– Əslində, efirlər istəyirlər ki, sən özün onlara pul verəsən. Bu necə ola bilər axı? Əksinə, sən sənətçiyə qonorar ödəməlisən. Mən xalq artisti, pianoçu və caz ifaçısıyam. Amerika cazını, italyan, fransız musiqilərini ifa edirəm. Bəzən bir saat ifa edirdim, sonra isə sadəcə “Çox sağ olun” deyərdilər. Mən onlara necə deyim ki, qonorarım hanı? Deyəcəklər ki, Cavan Zeynallı pul istəyir. Efirlərdə elə bilirlər ki, sənət adamının bir neçə maşını, evi, obyekti olur. Yəni bizi milyonçu bilirlər. Amma mənim heç avtomobilim də yoxdur. Zamanında olub, ikisini də satmışam.
– Maşından söz düşmüşkən, əvvəl də tıxac çox olurdu?
– Yox, qızım. Son illər dözülməz həddə çatıb. Təsəvvür edin, gedəcəyin ünvana vaxtında çatmaq üçün 2-3 saat öncədən çıxmalı olursan son illərdə. Bir dəfə hansısa efirdə konsert proqramında iştirak etməli idim, 2 saatdan çox gecikdim. Təxmini 7-8 ildir insanlar əziyyət çəkir. Sanki qəsdən tıxac yaradırlar ki, arxadan gələnlər işə geciksin, işdən qovulsun və sair.
– Cavan müəllim, yəqin, pensiya alırsınız. Marketlərə gedirsiniz, bazarlığı özünüz edirsiniz. Bir pensiyaçı kimi qiymətlərdəki artımı hiss edirsiniz?
– Mən həm pensiya alıram, həm də dövlət müəyyən məbləğdə pul ödəyir. Tək yaşayıram, yenə də baxıram ki, dolanmaq çətindir. Qiymətləri elə qaldırıblar ki, insanlar məhsul ala bilmirlər. Bəzən mağazalarda endirim edirlər ki, insanlar gəlib alış-veriş etsinlər. Çünki baha məhsulu alan olmur, məcbur endirim edirlər. Bir-iki gün sonra isə baxırsan yenidən bahalaşdırırlar. Bu, düzgün deyil. Qiymətlər elə olmalıdır ki, insanlar rahatlıqla alış-veriş edə bilsinlər. Əvvəl marketlərdə alıcı sayı çox olardı.
– Yaxın dostunuz varmı? Hazırda daha çox kimlərlə görüşür, dərdləşirsiniz?
– İndi elə bir zamandır ki, dost qalmayıb. Mənim üçün əsas qohumlarımdır. Onları çox sevirəm. Bakıda yaşayırlar, hərdən yanıma gəlirlər, bəzən bizdə qalırlar. Mənə kömək edirlər, yemək hazırlayırlar, yaxşı münasibət göstərirlər. Həyat yoldaşım vəfat edəndən belədir. Əvvəl şəhərdə yaşayırdım, oranı sökdülər (kövrəlir). İndi burada dövlətin mənə verdiyi evdə yaşayıram, qohumlarım da bura gəlir.
– İndiki gənclərə hansı tövsiyələri verərdiniz?
– İndiki gənclər çox dəyişiblər. Onlar tamam başqa istiqamətə gedirlər. Bizim zamanımızda böyük-kiçik yeri bilinərdi, amma indi fərqlidir. Demirəm, hər kəs pisdir, yox. Əlbəttə, böyüyə hörmət edən gənclərimiz çoxdur. Sadəcə, bizim dövrümüzdə başqa idi hər şey.
– Sizin dövrünüzlə indiki dövr arasında əsas fərq nədir ki?
– Biz daha çox təhsil almağa çalışırdıq, təhsil almayan iş tapar, evdəkilərə dəstək olardı. Pis vərdişlər demək olar ki, yox səviyyəsində idi. Bu gün isə çoxu təhsil almaq istəmir, siqaret, içki istifadə edir və sair. Vaxtilə konservatoriyada beş il oxumuşam. Asəf Zeynallı adına musiqi məktəbində də dörd il təhsil almışam. 18 nömrəli məktəbdə oxumuşam. Atam Zeynallı Mirzə Məmməd oğlu həmin məktəbin direktoru idi. Allah ona rəhmət eləsin. Mənə təhsili o sevdirib. Onun sayəsində pis vərdişlərdən uzaq olmuşam. O vaxt müəllimlərimiz çox yaxşı, zəhmli idi. Şagirdlər, tələbələr müəllimdən çəkinirdilər. İndi zəmanə dəyişib.
Zaira Akifqızı
Globalinfo.az