Düşmənləri Surətə “Allah rəhmət etsin” dedilərmi? – Elçibəy komandası cavab verir

Surət Hüseynovun ölümündən sonra sosial şəbəkələrdə, ənənəvi mediada qızğın müzakirələr gedir. Onun ölümünə münasibət birmənalı deyil. Paylaşımlardan da aydın olur ki, ictimaiyyətdə ona qarşı münasibət çox fərqlidir.

Çox adam Surətə lənət yağdırır. Onu Azərbaycanın maraqlarını satmaqda, torpaqların işğalında suçlayanlar kifayət qədərdir. Belə biri haqda ürəkdən “Allah rəhmət eləsin” deyən, yazan çox azdır.

Bəs Surət Hüseynova rəhmət düşürmü?

Biz bu mövzuda Surətin devirdiyi AXC iqtidarının nümayəndələrinin fikirlərinə üstünlük verdik.

Pənah Hüseyn 

AXP sədri Pənah Hüseyn özünün Feysbuk səhifəsində bununla bağlı paylaşım edib.

Bildirib ki, Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb:

“Bizim örf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə, pis danışmaq uyğun sayılmır.
Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub. Bu gün isə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın”.

Fazil Mustafa 

Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Globalinfo.az-a deyib ki, hər hansı bir şəxsin savabı və rəhməti subyektiv dəyərləndirmə kimi götürülməlidir:

“Yəni bizim nə deməyimiz məsələnin mahiyyətinə təsiredici xarakter daşımır. Hesab edirəm, məsələyə hüquqi qiymət vermək lazımdır. Hüquqi qiymət olaraq deyə bilərik ki, torpaqların itirilməsində, ölkədə xaos yaranmasında böyük rolu olan bu şəxsin əslində sevilməsi mümkün deyil.
Surət Hüseynov öz xəyanətinin mahiyyətini başa düşəcək ağla sahib deyildi. “Bir qısmat çörək yeməyə getmişdim” demək “bir qısmat xəyanət etmişdim” demək idi. Lakin o, bunu anlamadı.

Hesab edirəm, cəmiyyətimizin verdiyi rəy obyektivdir. O və onun kimi şəxslər hər zaman mənfi obraz kimi tanınacaq.
Surət Hüseynovun törətdiyi ən böyük əməllərdən biri Prezident yanında Milli Qvardiyanın komandiri Tahir Məmmədov və onunla yanaşı bir sıra qvardiyaçıların qətlə yetirilməsidir. O, buna görə cəza almalı idi. Buna görə üzr belə istəmədi. Onların qətlinə görə də məsuliyyət daşımadı. Halbuki çox böyük cinayət idi”.

Oqtay Qasımov 

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə saytımıza deyib ki, bizim xalqın ənənəsinə görə, adətən dünyasını dəyişmiş şəxsin haqqında mənfi fikir söyləmirik:

“Ölən şəxs pis əməllər edibsə belə üzərinə gedilmir. Amma bəzən dünyasını dəyişən adam elə hərəkətlər edir ki, cinayətləri, əməlləri dövlətin, xalqın taleyində mənfi rol oynayır. Belə şəxslərə qarşı müsbət nəsə demək olmur. Amma bütün hallarda insan lənəti də, rəhməti də əməli ilə qazanır.

Surət Hüseynova qarşı mövqe birmənalıdır. O, Azərbaycan tarixinin lənətlənmiş insanı olacaq. Onun xəyanəti ilə bir çox torpaqlar itirildi. 1993-cü ildə ordumuzun Ağdərəyə qədər geri çəkilməsi göstərişini o verib. Onun bu fəaliyyətləri nəticəsində Azərbaycanda proseslər 30-40 il geriyə düşdü.

Surət Azərbaycanda hərbi qiyamın əsasını qoyan biri kimi ölkəyə ağır zərbə vurdu. Özü kimi başı bozuq banditləri dövlətin içinə yerləşdirdi. Rusiyadan aldığı silahları vətəndaşlara qarşı silah çevirdi. Bizim 19 nəfər qvardiyaçını xaincəsinə öldürtən də təəssüf ki o idi. Və o, bu əməlinə görə cəza almadı”.

Nemət Pənahlı 

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Nemət Pənahlı isə Surət Hüseynova Allahdan rəhmət diləyib:

“Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun! Xalqımızın ləyaqətli, dəyərli bir oğlunu da itirdik. İndicə İstanbuldan məlumat aldım ki, Surət Hüseynov rəhmətə getdi. Ailə üzvlərinə, doğma və yaxınlarına, sadiq dost yoldaşlarına dərin hüznlə başsağlığı verirəm. Başın sağ olsun, Vətən!”.

N.Pənahlının bu statusu isə sosial şəbəkələrdə ciddi tənqid edilib. Paylaşımın altından Surətin və N.Pənahlının ünvanına ağır ifadələr işlədilib.

Turan Rzayev
Globalinfo.az