ABŞ-dan sensasion iddia: “Azərbaycan Zəngəzura hücuma hazırlaşır” bəyanatının arxasındakı məkrli plan

ABŞ dövlət katibi Entoni Blinkenin adından yayılan bəyanat Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Deyilir ki, A.Blinken bir sıra konqresmenlərlə görüşdə Cənubi Qafqazda vəziyyətlə bağlı fikirlərini bölüşüb. “Politico” nəşri görüşdə iştirak edən konqresmenlərə istinadən bildirir ki, Blinken Azərbaycanın guya Ermənistanın cənubuna (Zəngəzura-red.) hücum edəcəyini deyib. 

Nəşrin məlumatına görə, Blinken bildirib ki, Dövlət Departamenti ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcək. Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu həmin vaxt idi ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edirdi. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım həyata keçirirdi. Buna baxmayaraq ABŞ bu cür ədalətsiz qərar qəbul etmişdi.

Amerika Birləşmiş Ştatları münaqişənin mövcud olduğu 30 ildən artıq müddətdə Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi ilə seçilib. Bu, bütün platformalarda özünü açıq göstərib. Minsk Qrupu həmsədri olaraq da hər zaman ermənipərəst mövqedən çıxış edib.

Blinkenin bu fikirləri bir daha Birləşmiş Ştatların riyakarlığını və ikili standartlarını nümayiş etdirir. Rəsmi Bakı hər fürsətdə belə planının olmamasını desə də, Vaşinqton öz oyununa davam edir və bilərəkdən vəziyyəti qızışdırmağa çalışır. ABŞ Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaranmasından narahat olduğunu açıq şəkildə büruzə verir. Separatizmin kökünün kəsilməsini istəmir. Bunun başqa adı yoxdur.

With violence raging in Israel, U.S. citizens to be flown out on charters - Moberly Monitor-Index

12 oktyabr 2023-cü il, Antoni Blinkenin Binyamin Netanyahu ilə görüşü

Blinkenin iddiaları əsassızdır, Azərbaycanın belə bir planı yoxdur. Prezident İlham Əliyev ən müxtəlif tribunalardan dəfələrlə bildirib ki, ölkəsinin heç bir dövlətin torpağında gözü yoxdur. Ölkə başçısı hər dəfə vurğulayır ki, qarşıda dayanan əsas vəzifə işğaldakı torpaqları geri qaytarmaq və Cənubi Qafqazda sülhə nail olmaqdır.

Azərbaycan dövlətinin belə qəti və şəffaf mövqeyinə baxmayaraq ABŞ dövlət katibi Bakını işğalçılıq niyyətində olmaqda suçlayır.

Təbii ki, bütün bunların bir oyun olduğu ictimaiyyətə yaxşı məlumdur. Bu oyunun arxasında həm ABŞ-Fransa cütlüyü, həm də Avropa İttifaqı dururlar. BMT-nin bəzi strukturlarında, Avropa Parlamentində, AŞPA-da Azərbaycanın əleyhinə qəbul edilmiş qətnamələrin arxasında da onlar dururlar.

Yaxın Şərqdə İsrail-Fələstin, Avropada Ukrayna- Rusiya və digər bu kimi münaqişələrə nəzər saldıqda, amerikalıların əsl niyyəti özünü aydın göstərir.

Blinken Yaxın Şərqə səfəri zamanı bəyan edir ki, o bura həm də yəhudi kimi gəlib. Bu, siyasətdə ağlasığmaz bir hal, nonsensdir. Blinkenin bu fikirlərinə Türkiyə Prezidenti R.T.Ərdğan sərt və həm də tutarlı cavab verib. Ərdoğan deyib:

Rəcəb Tayyib Ərdoğan

“Bu necə yanaşmadır? O zaman kimsə desə ki, mən müsəlman kimi bölgəyə yaxınlaşıram, nə deyərsən? Hər kəsə insan kimi yanaşmalısan”.

Azərbaycanın əraziləri 30 ilə yaxın işğal altında olanda, Vaşinqton ölkəmizin özünümüdafiə hüququnu heç vaxt tanımayıb. İndi də Azərbaycan bu hüquqdan istifadə edib Ermənistanın işğalçılıq siyasətinə son qoyanda, Amerika yenə də aranı qarışdırmağa başlayır.

Son iki həftə müasir dövrdə Cənubi Qafqazın tarixində bəlkə də ən sakit vaxtdır. Region sülhə doğru getdiyi bir zamanda ABŞ və Fransa bölgədən əl çəkmir, militarizasiya siyasəti həyata keçirir, Ermənistanı silahlandırır və bu yolla yenidən regionu silahlı qarşıdurma poliqonuna çevirməyə çalışırlar.

Bu gün Ukrayna ilə Rusiya arasında müharibənin müəllifləri də məhz onlardır. Ukrayna əhalisinin sayı artıq 20 milyona enib və belə gedəcəyi təqdirdə, bu xalqın taleyi sual altına düşəcək.

Yaxın Şərqin yenidən alovlanması, İsrail-Fələstin qarşıdurmasının qızışmasının arxasında hansı oyunların durduğunu çox keçməz, hər kəs anlayar. ABŞ artıq qoşunlarını da bu ərazidə cəmləyir.

Birləşmiş Ştatlar demokratiya, insan haqları, azad media şüarları altında özünün işğalçılıq siyasətini, qızışdırıcı obrazını gizlətməyə çalışır. Bəzən də vasitəçi obrazı yaradır. Lakin rəsmi Vaşinqtonun müdaxilə etdiyi bütün münaqişələr daha da alovlanır, böyüyür və “uzun ömürlü” olur…

Globalinfo.az