İrandan Ermənistanın Baş naziri Nikol Paşinyana Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlıq gəlib. İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti TRIPP layihəsinin reallaşdırılmasına qarşı çıxaraq bildirib ki, bu marşrut Tehranın strateji maraqlarına ziddir və İranın regionla bağlı qırmızı xəttidir.
O, hətta İranın bu mövqeyini güc yolu ilə müdafiə edə biləcəyinə dair sərt ifadələr işlədib. Vilayəti Ermənistanın Tehrandakı səfirinə mövqeyini qəti şəkildə çatdırdığını bildirərək yazıb: “Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qırarıq”.
Vilayətinin bu açıqlaması nə dərəcədə ciddi siyasi mesajdır? Tehran Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün hansı addımlara əl ata bilər? İranın bu sərt mövqeyi Azərbaycan-Ermənistan münasibətlərinə və Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyətə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Mətin Məmmədli deyib ki, Vilayətinin açıqlaması yeni deyil və İran uzun müddətdir Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti kimi təqdim edir.
“İran son altı ildə dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması onun qırmızı xəttidir. Bu baxımdan, Vilayətinin fikirlərini də Tehranın ənənəvi mövqeyinin davamı kimi qiymətləndirmək olar. Belə görünür ki, İranda bəzi dairələr hələ də regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Həmin qüvvələr mövcud reallıqları dəyişdirməyə, proseslərə təsir göstərməyə çalışırlar. Hesab edirəm ki, onların bu mövqeyi yaranmış geosiyasi reallığı dəyişdirmək gücündə deyil. Belə yanaşmanın davam etdirilməsi isə rəsmi Tehranın region ölkələri ilə münasibətlərinə və əməkdaşlığına yalnız mənfi təsir göstərəcək.
Regional nəqliyyat yollarının açılması və kommunikasiyaların bərpası regionun heç bir ölkəsi üçün təhdid yaratmır. Əksinə, nəqliyyat əlaqələrinin genişlənməsi İranın da maraqlarına uyğundur. Bu səbəbdən Tehrandakı bəzi diplomatların səsləndirdiyi fikirləri əsassız hesab edirəm. Görünür, bəzi dairələr hələ də Cənubi Qafqazı özlərinin arxa bağçası hesab edir, regionun onların təsir dairəsində qalmalı olduğunu düşünürlər.

Mətin Məmmədli
Cənubi Qafqaz dövlətləri müstəqildir. Azərbaycan isə regionun aparıcı ölkəsidir. Heç kim region dövlətlərinə, xüsusilə də ölkəmizə başqa bir dövlətin təsir dairəsində olan subyekt kimi yanaşa bilməz. Tehran ilk növbədə region ölkələrinin daxili işlərinə hörmət etməli və onların müstəqil qərarlarına müdaxilə etməməlidir.
TRIPP layihəsi Ermənistanla əldə olunmuş razılaşma əsasında həyata keçirilir və rəsmi İrəvan da bu prosesdə iştirak edir. Bu məsələyə qarşı çıxmaq və təhdid dili ilə danışmaq mahiyyət etibarilə Ermənistanın daxili işlərinə müdaxilə cəhdidir. Belə yanaşma İranın öz maraqlarına da zərər vuracaq. Vilayətinin son açıqlamaları göstərir ki, Tehrandakı bəzi dairələr hələ də diplomatik münasibətlərdə təhdid dilinə üstünlük verirlər”.
Turan Rzayev
Globalinfo.az