Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) 65 ölkədəki nümayəndəliyinin iştirakı ilə keçirilmiş səsvermənin nəticələrinə əsasən, QHGT-nin Nigeriya milli bölməsinin rəhbəri Məhəmməd Bello Bala Şaqari təşkilatın yeni sədri seçilib.

Bu barədə Globalinfo.az-a təşkilatdan məlumat verilib.

Xatırladaq ki, indiyə qədər QHGT-nin sədri vəzifəsini Azərbaycan nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin gənclər üzrə mükafatçısı, COP29-un gənclər üzrə çempionu Leyla Həsənova tuturdu.

Afrika qitəsində ən fəal gənclərdən biri olaraq tanınan Məhəmməd Bello Bala Şaqari ictimai fəaliyyəti ilə yanaşı, sənədli film rejissoru kimi çalışır. O, indiyədək QHGT-nin Afrika regionu üzrə sədr müavini və təşkilatın Nigeriyadakı milli bölməsinin rəhbəri olub.

Məhəmməd Bello Bala Şaqari daha əvvəl Nigeriya Milli Gənclər Şurasının prezidenti vəzifəsini də tutub. O, gənclərin inkişafı, vətəndaş maarifləndirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində müxtəlif təşəbbüslərə rəhbərlik edib. Çoxsaylı yerli və beynəlxalq mükafatlara layiq görülən Şaqari vətəndaş iştirakçılığı, Afrika birliyi və diplomatiya istiqamətlərində bir çox beynəlxalq tədbirlərdə təşkilatçı kimi iştirak edib.

Yeni sədr Londonun Middlesex Universitetində Biznes İnformasiya Sistemləri və İnformasiya Texnologiyaları üzrə təhsil alıb.

Qeyd edək ki, QHGT sədrliyi uğrunda keçirilən seçkilərdə təşkilatın üzvü olan 5 ölkənin nümayəndəsi mübarizə aparıb və rəqabətli şəraitdə 4 mərhələdən ibarət keçirilən səsvermənin sonunda Nigeriya namizədi rəqiblərindən üstün olub.

Paylaş: