Nassim taleb 11

Nyu-York Universitetinin professoru, risk nəzəriyyəçisi və “Qara Qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə demək dəvətini qəbul etməyib.

O bu qərarını Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

Bilməyənlər üçün deyim ki, Livan əsilli Nassim Nikolas Taleb amerikalı tanınmış esseist və risk nəzəriyyəçisidir. Hazırda Nyu-York Universitetinin Tandon Mühəndislik Məktəbində Risk Mühəndisliyi üzrə professor vəzifəsində çalışır.

Onun “İncerto” adlı beş kitabdan ibarət seriyasına daxil olan “Qara Qu” (2007) və “Antikövrəklik” (2012) əsərləri müxtəlif dillərə tərcümə edilib və siyasətçilərin, maliyyə institutlarının, akademiklərin risk, təsadüf və qeyri-müəyyənlik haqqında düşüncə tərzinə ciddi təsir göstərib. Talebin X platformasındakı paylaşımlarını bir milyondan çox istifadəçi izləyir.

Əslində, qeyd etdiyim bu məlumatlar belə Azərbaycanın onu niyə mühazirə üçün dəvət etdiyini anlamağa kifayət edir. Təbii ki, hər bir şəxsin dəvəti qəbul etmək və ya geri çevirmək hüququ var. Lakin Talebin dəvəti rədd etmə səbəbi Azərbaycan ictimaiyyəti üçün fərqli məqamları ortaya çıxardı.

Məlum oldu ki, o, Ruben Vardanyanın azadlığa buraxılmasını 2023-cü ilin dekabrından etibarən açıq şəkildə müdafiə edir. Əslində, hər iki şəxsin münasibətləri əvvəlki dövrə dayanır. Taleb və Vardanyan uzun illər beynəlxalq maliyyə və investisiya çevrələrində fəaliyyət göstəriblər.

WhatsApp Image 2026 08 03 at 11.21.45

Solda Nassim Taleb, sağda Ruben Vardanyan

Ruben Vardanyan müxtəlif beynəlxalq təşəbbüslərin, xüsusilə “Aurora Humanitarian Initiative” və “The Future Armenian” layihələrinin təşkilatçılarından biri olub. Taleb də bu layihələrlə bağlı tədbirlərdə iştirak edib.

Nassim Taleb daha əvvəl Ermənistana da gedib. İrəvanda keçirdiyi mətbuat konfransında Ağrı dağının Türkiyənin ərazisində olduğuna görə təəssüfləndiyini demişdi.

O, Ruben Vardanyanla dostluğunu da heç vaxt inkar etməyib.

Əslində, bu dəvət Nassim üçün böyük fürsət idi. Belə ki, o, rahatlıqla Azərbaycana gəlib, Ruben Vardanyanla görüşə, onun vəziyyətini yerində öyrənə bilərdi.

Nassim Taleb Vaaqn 11

Nassim Taleb və Ermənistan prezidenti Vaaqn Xaçaturyan

Maraqlıdır ki, Nassim Talebin irəli sürdüyü “Qara Qu” nəzəriyyəsi də məhz gözlənilməzlik, qeyri-müəyyənlik və hadisələrə fərqli prizmadan baxmaq üzərində qurulub.

Taleb hesab edir ki, insanlar gələcəyi proqnozlaşdırmaq imkanlarını olduğundan artıq qiymətləndirirlər. Tarixə, iqtisadiyyata və siyasətə ən böyük təsir göstərən hadisələrin əksəriyyəti əvvəlcədən gözlənilmir. İnsanlar hadisə baş verməmişdən əvvəl onu çox az ehtimallı hesab edir, hadisədən sonra isə sanki hər şey əvvəlcədən məlum imiş kimi izah etməyə çalışırlar.

Lakin burada maraqlı bir paradoks yaranır.

Qeyri-müəyyənliyi qəbul etməyin və hadisələrə yerində baxmağın vacibliyini vurğulayan bir mütəfəkkir bu dəfə mövqeyini uzaqdan siyasi etirazla ifadə etməyi seçdi. Azərbaycana gəlib öz müşahidələrini aparmaq, fərqli tərəfləri dinləmək və mövqeyini birbaşa ortaya qoymaq əvəzinə, səfərdən tamamilə imtina etdi.

Məhz bu məqam Talebin öz fəlsəfəsi ilə verdiyi qərar arasında sual yaradır: “Qara Qu” nəzəriyyəsinin müəllifi bu dəfə özü üçün gözlənilməz bir imkanın qarşısını almadımı?

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: