Almaniyanın cənub-şərqində yerləşən, təxminən 800 illik tarixə malik qəsrin 1 avroya (2 manat) satışa çıxarılmasına qərar verilib.
Globalinfo.az xəbər verir ki, “Bild” qəzetinin yerli administrasiyaya istinadən yaydığı məlumata görə, söhbət Saksoniya əyalətindəki Şnadits (Schnaditz) qəsrindən gedir.
Qəsrdə cəngavər zalı və iki qüllə yerləşir. Torpaq sahəsinin ümumi ərazisi 1000 kvadratmetrdən bir qədər çoxdur. Qəsrə bitişik parkın hər kvadratmetri isə 60 avroya satışa çıxarılıb.
Yerli rayon rəhbəri Matthias Mith bildirib ki, bina hazırda yararsız vəziyyətdə olsa da, əsas konstruksiyası salamat qalıb. Qəsrin dam örtüyü də hələ öz görünüşünü qoruyur.
Onun sözlərinə görə, satışın əsas məqsədi binanı bərpa edərək hotelə, təhsil mərkəzinə və ya başqa dövlət müəssisəsinə çevirə biləcək investor tapmaqdır.
Lakin qəsr tarixi abidə statusuna malik olduğundan, burada aparılacaq hər hansı bərpa və yenidənqurma işləri müvafiq qurumların təsdiqindən keçməlidir. Matthias Mith qeyd edib ki, ciddi nəzarət səbəbindən bərpa prosesi aylarla, hətta illərlə davam edə bilər.