zaira akifqizi yeni

Son günlər ölkədə jurnalistlərə qarşı aqressiyanın artdığını müşahidə edirik. Bəlkə də deyəcəyim fikir kimlərinsə xoşuna gəlməyəcək, amma reallıq budur ki, işi dara düşəndə, problemi olanda, səsini cəmiyyətə çatdırmaq istəyəndə jurnalistin qapısını döyənlər, nədənsə jurnalistə münasibətdə sərhədləri aşmağa, ona əl qaldırmağa, “buynuz” çıxarmağa başlayıblar.

Daha acınacaqlısı isə odur ki, jurnalistə qarşı zorakılıq törədiləndə həmin şəxsi müdafiə edənlər, zorakılığı dəstəkləyənlər, jurnalisti ələ salanlar da elə sabah jurnalistə ehtiyacı olacaq adamlardır. Bu necə yanaşmadır? Jurnalist sizə lazım olanda peşə sahibidir, haqqınızı müdafiə etməlidir, probleminizi işıqlandırmalıdır, amma öz işi ilə məşğul olanda onu təhqir etmək, alçaltmaq, hətta döymək lazımdır?

Bir neçə gün əvvəl həmkarımız məktəbdə şagird tərəfindən döyüldü. Həmin şəxsin boksçu olması, məktəbli olması, təhsil alması baş verənlərə haqq qazandıra bilməz. Bəli, hadisənin iştirakçısının azyaşlı olması müəyyən hüquqi məsələləri dəyişə bilər, amma bu, zorakılığı normal hala gətirmir. Biz yenə də hadisəyə müxtəlif bəhanələrlə yanaşmağa, zorakılığa məruz qalan jurnalistin deyil, onu döyənin mövqeyini anlamağa çalışdıq. Halbuki heç bir halda jurnalistə qarşı fiziki zorakılıq qəbul edilə bilməz.

Bu gün isə Dərnəgüldəki taxta bazarında baş verən yanğın zamanı çəkiliş aparmaq istəyən digər həmkarımız zorakılığa məruz qalıb. Əvvəlcə ona kobud cavab verilib, daha sonra yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib və jurnalist xəsarət alıb.

Görünən odur ki, artıq bu cür halların qarşısını almaq üçün təkcə hüquq-mühafizə orqanlarının müdaxiləsi kifayət etmir. Jurnalistlərin özləri də bir-birinə sahib çıxmalıdır. Biz nə qədər ki, bir-birimizə qarşı soyuq davranacaq, həmkarımızın başına gələn hadisəyə biganə yanaşacaq, onun arxasında dayanmayacağıq, bu cür şəxslər daha da irəli gedəcəklər.

Bu gün kişi jurnalistlərimizə əl qaldırılır, sabah qadın jurnalistlərimiz də eyni aqressiya ilə üzləşəcəklər. Bu gün bir həmkarımızın başına gələn hadisəyə susmaq sabah başqa bir jurnalistin eyni aqibəti yaşamasına zəmin yaratmaqdır. Ona görə də məsələyə ayrı-ayrı jurnalistlərin problemi kimi deyil, bütövlükdə peşəmizə və media fəaliyyətinə qarşı münasibət kimi baxmalıyıq.

Hesab edirəm ki, artıq bu hallara dur deməyin vaxtıdır! Bir həmkarımız zorakılığa məruz qaldığı an digər jurnalistlər onun yanında olmalı, həmrəylik nümayiş etdirməli, baş verənlərin hüquqi müstəvidə araşdırılmasını tələb etməlidirlər. Bir-birimizin ayağını tapdalamaq, uğuruna qısqanclıqla yanaşmaq əvəzinə, heç olmasa belə məqamlarda birləşməyi bacarmalıyıq.

Çünki jurnalist kiminsə şəxsi marağına xidmət etmək üçün küçəyə çıxmır. O, çəkiliş aparır, hadisəni işıqlandırır, məlumatı cəmiyyətə çatdırır. Bu, onun peşəsidir, işidir və qanunla qorunan fəaliyyətidir. Heç kim jurnalistin qarşısına çıxıb onu təhqir etmək, hədələmək və fiziki zorakılığa məruz qoymaq hüququna malik deyil.

Bir zamanlar jurnalistləri dördüncü hakimiyyət adlandırırdılar. Bu gün isə təəssüf ki, həmin dördüncü hakimiyyətin nümayəndələri öz peşə fəaliyyətlərini yerinə yetirərkən zorakılığa məruz qalırlar.

Ən pisi də budur ki, jurnalistə ehtiyac duyanda onu axtaranlar, jurnalist döyüləndə çox vaxt susmağa üstünlük verirlər. Bəlkə də artıq bu susqunluğa son qoymağın zamanıdır.

Artıq jurnalistə fiziki zorakılıq edən şəxsə qarşı cinayıt işi qaldırılıb. İnanırıq ədalət yerini tapacaq və bu, hamı üçün ibrət olacaq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: