Əməkdar mədəniyyət işçisi, Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı TV aparıcılarının cəzalandırılmasını təklif edib.
Sitat: “Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır”.
Bu kontesktdə sosial şəbəkə istifadəçilərinin əksəriyyəti xüsusilə Zaur Baxşəliyev, Zaur Kamal, Xoşqədəm Hidayətqızı, Tarix Əliyev (Tolik) və sair kimi aparıcıların hədəfdə olduğunu düşünür.
Aparıcılarla bağlı monitorinq keçirilə bilərmi? Kimlər cəzalandırılmalıdır?
Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media eksperti Nəmənd Rüstəmov deyib ki, Telli Pənahqızı söz, yaradıcılıq və jurnalistika sahəsində, xüsusilə də dövlət televiziyasında uzun illər müxtəlif vəzifələrdə çalışmış peşəkar və fədakar insandır:
“O, AzTV-nin Bədii Şurasının üzvü olub və efirə təqdim olunan verilişlərin keyfiyyətinə nəzarət edən komandanın tərkibində yer alıb. Onunla birgə çalışdığım üçün yanaşma tərzi və peşəkar gözləntiləri barədə təsəvvürüm var. Bu məsələyə emosional və həssas yanaşması da mənim üçün başadüşüləndir. Lakin burada bir mühüm məqam var. Telli xanım hazırda Qərbi Azərbaycan Televiziyasının rəhbərliyində təmsil olunur və məhdud büdcə, eləcə də peşəkar komanda olmadan keyfiyyətli televiziya məhsulu hazırlamağın nə qədər çətin olduğunu yaxşı bilir. Hazırda özəl televiziya sektorunda baş verənlər bu sahəyə bələd olan bir çox insan kimi məni də narahat edir. Televiziya fəaliyyətimin 20 ildən artıq hissəsi özəl kanallarda keçib, AZTV-də də çalışmışam. Təcrübəmə əsasən deyə bilərəm ki, dövlət büdcəsi hesabına fəaliyyət göstərməklə öz resursların hesabına layihə hazırlamaq arasında ciddi fərq var”.
Nəmənd Rüstəmov
Ekspert bildirib ki, dövlət büdcəsindən maliyyələşən televiziyaların konkret öhdəlikləri var:
“Onların reytinq yarışında iştirak etməsi məcburi deyil. Özəl sektorda isə vəziyyət fərqlidir. Son vaxtlar özəl televiziya məkanında reputasiyası birmənalı qarşılanmayan müğənni və aparıcıların iştirakı ilə baş verən hadisələr əslində uzun müddətdir davam edən menecment böhranının təzahürüdür. Tənqid etmək, qınamaq, məsləhət vermək asandır. Lakin sistemi düzəltmək və nizam yaratmaq göründüyü qədər sadə deyil. Gənc nəsil demək olar ki, televiziyaya baxmır, informasiya tələbatını sosial şəbəkələr vasitəsilə ödəyir. Televiziyalar internet platformalarına açıq şəkildə uduzur. Teleradio və ümumilikdə audiovizual media sektorunda reklam dövriyyəsi məhduddur. Yerli istehsalçılar televiziya reklamına maraq göstərmir. Reklam gəlirlərinin əsas hissəsi xarici koorperasiyalardan gəlir. Yerli reklamverənlər isə əsasən banklar, mobil operatorlar, toyxanalar, xəstəxanalar, həkimlər və tikinti şirkətləridir.
Ailə-məişət mövzulu gündəlik tok-şoular tənqid olunur, lakin həmin verilişlərin əsas sponsorları yenə klinikalar, həkimlər və dərman şirkətləridir. Əvvəllər müğənni və musiqiçilərdən müəyyən gəlir əldə etmək mümkün idi. Lakin “YouTube”, “TikTok” və digər platformalar ifaçılara alternativ qazanc imkanları yaratdığından televiziyaların bu sahədən gəliri xeyli azalıb. Hətta internetdə məşhurlaşan bəzi ifaçılar televiziya dəvətlərinə maraq göstərmir”.
Nəmənd Rüstəmov vurğulayıb ki, hamı tənqid etsə də, real və işlək həll yolu təklif edən azdır:
“Biri eksperiment, digəri sərt cəza, başqası şəxsi maraq irəli sürür. Nəticədə dəyişiklik baş vermir, tamaşaçının televiziyaya marağı isə daha da azalır. Biz müstəqil dövlət qurmuşuq, demokratiya və bazar iqtisadiyyatı yolunu seçmişik. Lakin çətin vəziyyət yarananda sovet üsullu inzibati həllər təklif olunur. Cəzalandırmaqla özəl televiziyanı düzəltmək mümkün deyil. Onsuz da rentabelli layihələrin sayı məhduddur. Mövcud kanallarda qazanc gətirən azsaylı layihə və aparıcıları da efirdən uzaqlaşdırmaqla vəziyyət yaxşılaşmayacaq.
Monitorinq aparılması təklifi müsbət addım ola bilər. Lakin monitorinqdən sonra tamaşaçıya nə təqdim ediləcəyi əsas sualdır. Hibrid müharibələr dövründə informasiya boşluğu ciddi risklər yaradır. Narahatlıqlar əsaslıdır, mövcud vəziyyət doğrudan da ürəkaçan deyil. Ancaq konkret tədbirlər planı olmadan hər şeyi dağıtmaq çıxış yolu deyil. Baş verənlərə görə məsuliyyəti yalnız 5-6 layihə və aparıcının üzərinə qoymaq doğru olmaz. Bu sahədə hamımızın məsuliyyət daşıdığımızı qəbul etməliyik”.
Ləman İmran
Globalinfo.az