bayden putin

ABŞ Prezidenti Co Bayden Polşadakı insidentə görə Qərb dövlətlərinin təcili toplantısını keçirib.

Globalinfo.az bildirir ki, İndoneziyada G20 liderlərinin görüşü fonunda baş tutan iclasa Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya,Yaponiya və Avropa Birliyinin digər dövlətlərinin rəhbərləri qatılıblar. Tərəflərin iclasda apardığı müzakirələrin detalları, eləcə də yekun nəticə haqqında heç bir məlumat verilməyib.

Görüşdən sonra jurnalistlərin qarşısına keçən ABŞ Prezidenti Co Bayden Polşaya raketin Rusiyadan atıldığına dair heç bir məlumatın olmadığını bildirib:

“Araşdırma tam bitənə qədər detalları açmaq istəmirəm, amma trayektoriyaya baxsaq deyə bilərik ki, bu raketin Rusiyadan buraxıldığı o qədər də inandırıcı deyil”.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhədində yerləşən kəndlərindən birinə raket zərbəsi endirilib. Varşavanın iddiasına görə, raketi məhz Rusiya atıb, Moskva isə bu iddianı təkzib edir. Polşa rəhbərliyi artıq insidentə görə Təhlükəsizlik Şurasını təcili toplayıb, eləcə də Avropa Birliyi və NATO ilə görüşlərə start verilib. Hələ ki, Polşanın NATO nizamnaməsinin 5-ci bəndindən istifadə edib-etməyəcəyi sual olaraq qalır. Pentaqon isə məsələ ilə bağlı araşdırma apardıqlarını bildirməklə ehtiyatlı mövqe sərgiləyir.

İlkin
Globalinfo.az

Paylaş: