“8-ci km bazarı” buna görə hədəfə gəlib: Tural Abbaslı sirləri açdı

Son günlər “8-ci km bazarı”nın ləğv ediləcəyi xəbəri gündəmin əsas mövzusuna çevrilib. Bundan həm orda çalışan ticarətçilər narahatdır, həm də bazardan alış-veriş edən vətəndaşlar. Deyilənə görə, bu bazarda qiymətlər digər yerlərə nisbətdə daha uyğundur. Bu da ora axını təşkil edən əsas amildir.

Düzdür, bazar rəhbərliyi yayılan xəbəri təkzib edib. Amma narahatlıq hələ də qalır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, bazar, ticarət mərkəzləri yananda, köçürüləndə, söküləndə ticarətçilərin bəlli bir müddət etiraz edib, sonra sakit qalmaları təbiidir.

Tural Abbaslı

Onun sözlərinə görə, ticarətçilər mübarizənin mənasız olduğunu anlayıb, yeni alternativ gəlir yerləri axtarırlar:

“Onlar siyasətçi deyillər axı bütün günü aksiyalar keçirələr. Bir müddət etirazı da ona görə edirlər ki, banklara borcları olur. Bu səbəbdən də dövlət qurumları, sığorta şirkətləri və yaxud, bazar sahibləri tərəfindən kompensasiya ala bilsinlər. Görəndə ki, alınmır, reallıqla barışaraq alternativ dolanışıq yolları axtarırlar. O insanların çoxunun həyatında bəlkə də, illərlə prosesin acı nəticələri qalır. Adam ya borc ödəyir, iflas edib sıfırdan başlamalı olur, ya da evini satmaq məcburiyyətində qalır. Mütləq o insanların həyatlarında neqativ izlər qalmış olur”.

T.Abbaslı “8-ci km bazarı”nın sökülməsi, köçürülməsi ilə bağlı fərqli fikirlər səsləndirildiyini deyib:

“Bilirsiniz, ölkədə tez və sürətli pul qazanma tendensiyası mövcuddur. Bazar sahibləri də düşünürlər ki, bazarda biri pulu vaxtında verir, digəri gecikdirir, alver olur, ya olmur, amma ərazini satsa, daha çox qazanar, gedib başqa iş qurar. Bakı şəhəri üçün sözügedən bazarın ərazisi kifayət qədər böyükdür, üstəlik qiyməti də bahadır. Orda yaşayış kompleksi tikilə, ya da daha müasir ticarət mərkəzinin inşası üçün əlverişli sayıla bilər. Tutaq ki, həmin kompleksdə yüzlərlə ev olacaq ki, o evlərin də dəyəri milyonlarla manat təşkil edəcək. Kimlərsə milyonlarla manat pul qazanacaq, paraleldə sadə xalqın minlərlə nümayəndəsi gündəlik çörəkdən məhrum olacaq. Həm də o bazardan əlverişli alış-veriş edən vətəndaşlar bu şanslarını itirəcəklər. Bunu heç kim düşünmür! Təəssüf ki, satıcıların hüququnu qoruyacaq hər hansı bir qanun, mexanizm yoxdur. Bazarın sahibi sabah deyəcək ki, “yer mənimdir, satıram, ya kompleks edirəm, kimə nə?!” Bu baxımdan da bağlamaq istəsələr, bağlayacaqlar, kompleks tikəcəklərsə də, yenə heç kim söz deyə bilməyəcək. Ticarətçilər isə uzağı 1-2 ay etiraz edib, sonra vəziyyətlə brışacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az