Siqaret və alkoqollu içkilərlə bağlı yeni şərtlər

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək:

– Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

– Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

– alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.

Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı qeyd edilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:

– alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;

– alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).

Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla, müəyyənləşdirilmiş şərtlərə, o cümlədən malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.

Alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:

– 2024-2025-ci illər üzrə 20 min dekalitr;

– 2026-2027-ci illər üzrə 30 min dekalitr;

– 2028-2029-cu illər üzrə 50 min dekalitr;

– 2030-2031-ci illər üzrə 80 min dekalitr.

Bu Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılmasını təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

Qeyd edilib ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır.

Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunmuşdur. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir. Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.