Zəngəzurda Nüvədi kəndində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əraziyə giriş-çıxışı məhdudlaşdırması ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunun Zəngəzur dəhlizinin açılması prosesinə maneə yaratmaq məqsədi daşıdığını düşünürlər.
Rusiya Nüvədi kəndini faktiki olaraq nəzarətə götürür? Bu, Ermənistan ərazisində təsir dairəsinin genişləndirilməsinin yeni mərhələsi sayıla bilərmi? Ümumiyyətlə, proseslərin pərdəarxasında nələr baş verir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ilk növbədə yayılan məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir:
“Ermənistan daxilində Rusiyaya yaxın qüvvələr bu xəbərləri məqsədli şəkildə, Moskvanın maraqlarına əsasən yaymış ola bilərlər. Məqsəd seçkilər ərəfəsində və ya sonrasında ölkədaxili vəziyyəti gərginləşdirmək, ictimai rəydə narahatlıq yaratmaq ola bilər
Əgər yayılan məlumatlar doğrudursa, bu, Rusiyanın Ermənistanda ABŞ-la geosiyasi rəqabətinin daha açıq mərhələyə keçdiyini göstərir. Çünki son dövrlər Zəngəzur dəhlizi və regiondakı nəqliyyat marşrutları ətrafında müxtəlif beynəlxalq təşəbbüslər müzakirə olunur. Belə bir şəraitdə Moskvanın sərt addımlar atması Vaşinqtona açıq mesaj kimi qiymətləndirilə bilər.

Elxan Şahinoğlu
Rusiya hazırda Ukraynada genişmiqyaslı müharibə aparır. Belə bir vaxtda Ermənistanda əlavə gərginlik ocağının yaranması Moskva ilə Qərb arasında münasibətləri daha da mürəkkəbləşdirə bilər. Bu isə regionda yeni siyasi və təhlükəsizlik riskləri formalaşdırır.
Hadisələrin inkişafını qiymətləndirmək üçün ilk növbədə məlumatların rəsmi mənbələr tərəfindən təsdiqlənməsi vacibdir. Bundan sonra proseslərin mahiyyəti və mümkün nəticələri barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq”.
Turan Rzayev
Globalinfo.az