Zəngəzurda Ordumuzla ruslar arasında atışma olub? – Detallar bilindi

Azərbaycanla Rusiya hərbçiləri arasında atışmanın yaşanması ilə bağlı Ermənistan mətbuatının yaydığı saxta məlumatın detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, tərəflər arasında heç bir toqquşma yaşanmayıb. Digər tərəfdən iki Rusiya hərbçisinin bu toqquşma nəticəsində başından yaralanması, eləcə də onlardan birinin həyatını itirməsi barədə məlumatın da yalan olduğu bəlli olub.

Belə ki, dünən həqiqətən iki rusiyalı hərbçi Ermənistanın Qoris şəhərindəki tibbi mərkəzə müraciət edib. Müraciət baş nahiyyəsində yüngül zədələnmə ilə əlaqədar olub. Tibbi mərkəzdə hərbçilərdən heç birində odlu silahdan atəş nəticəsində yaranan zədələnmə qeydə alınmayıb. Zəngəzurdakı yerli administrasiyanın rəsmiləri hərbçilərin ilkin tibbi yardım almasından sonra xəstəxananı tərk etdiyini açıqlayıblar.

Qeyd edək ki, xüsusilə bu gün Ermənistan baş nazirinin administrasiyasının nəzarətində olan “Baqramyan 26” kanalı iki Rusiya hərbçisinin Azərbaycan ordusu ilə yaşanan toqquşmadan sonra yaralandığını və onlardan birinin xəstəxanada həyatını itirdiyi haqqında məlumat yaymışdı.

İlkin Həsənov
Globalinfo.az