Zəngəzurda o mövqelər tutuldu, kəndlər parçalandı – Erməni ekspert təşvişdə

“Əgər biz irəvanlılar Sünikin (Zəngəzur) başının üstündəki təhlükəni uzaqdan hiss ediriksə, süniklilər də görür ki, onların yolları, dağlarının zirvəsi, döyüş mövqeləri düşmənin hədəfindədir. Artıq Azərbaycan Ordusu Zəngəzurda strateji mövqeləri tutaraq, Qafanın magistral yoluna nəzarət edərək kəndləri parçalayıb”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Hasmik Babacanyan çıxış edib.

O deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir:

“Bu dəhlizin açılmasına mane olan qüvvə isə İrandır. 2022-ci ildə Sünikin regional mərkəzi Qafanda İranın Baş Konsulluğu açılanda süniklilər necə sevinirdilər! O sevinc, həyəcan xalqın kimə arxalandığının cavabıdır.

İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani Şərqə və Qərbə xəbərdarlıq edir ki, öz sərhədlərində təxribat törədənlərin cavabı sərt və qəti olacaq. O sərhəd Zəngəzurdur, amma başa düşə bilmirəm ki, xəbərdarlığı düşmənə, yoxsa onun Zəngəzura yerləşməsinə imkan verən Ermənistan hökumətinə etmək lazımdır?!” – deyə H.Babacanyan bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev bir qədər əvvəl yerli televiziyalara müsahibəsində Ermənistana hücumla bağlı iddiaların əsassız olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, İrəvan nəzərdə tutulan marşrutu təmin etməsə, Azərbaycan Ermənistanla heç bir istiqamətdə sərhədini açmayacaq.

Əliyar Xəlil
Globalinfo.az