Bu həftə Ermənistanda mühüm hadisələr yaşanacaq

“Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyasının əhatə dairəsi bir qədər böyüyüb. Paşinyanla bağlı sui-qəsd ehtimalından danışırlar. Bu, mümkündür, lakin Paşinyan xarici qüvvələr tərəfindən yaxşı qorunur. Ona görə də sui-qəsd ehtimalı çox azdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Abutalıb Səmədov deyib.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın devrilməsi ehtimalı yox dərəcəsindədir:

“İrəvanda hakimiyyət əleyhinə aksiyalar bu həftəsonu zorakılıqla yatırılacaq. Nikol Paşinyan hüquq-mühafizə orqanlarının gücündən istifadə edərək zor tətbiq edəcək və Baqrat Qalstanyanın hərəkatına son qoyacaq. Proseslə bağlı artıq həbs olunanlar var. Bunların sayının artacağı da istisna edilmir. Dünya da bu prosesi sakit qarşılayacaq. Çünki ikili siyasətin aparılması artıq adət halını alıb”.

Siyasi şərhçinin fikrincə, Qalstanyan hərəkatının qarşısının alınması Azərbaycanın maraqlarına uyğundur:

“Bundan sonra Ermənistanla danışıqlar prosesi bir qədər də sürətləndiriləcək. İrəvanda başlanan hərəkat məlum nəticə ilə başa çatacaq”.

Safura Bənnayeva
Globalinfo.az