Zəngəzur dəhlizini istəməyən 3 ölkə var: İran, Ermənistan və…

“İranın Azərbaycanla sərhədə ordu birləşmələri cəmləşdirməsi “əzələ” nümayişidir. İran bu hərbi hərəkətliliyi ilə Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına qarşı bir mövqe ortaya qoyub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İran Azərbaycana qarşı bu siyasətini təkbaşına etmir, bu prosesdə Moskva Tehran rejiminə dəstək verir:

“Çünki Kreml Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Rusiya ərazisindən Avropaya daşınan yüklər Orta dəhliz vasitəsilə Azərbaycan üzərindən keçəcək. Ona görə də Moskva və Tehran yekdil mövqe ortaya qoyub. Rusiya proseslərin pərdəarxasında, İran isə tam sahədədir.

Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmayacaq. Laçın dəhlizində Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi qoyduqdan sonra İrəvan məcbur qalıb Azərbaycanla münasibətləri normallaşdırmağa gedəcək. Belə olan təqdirdə Ermənistan rəhbərliyi Qərbin təzyiqləri fonunda Zəngəzur dəhlizinin açılmasına razı olacaq. Bundan sonra İranın hər hansı hərbi təzyiq siyasəti fiaskoya uğrayacaq. Ümumiyyətlə, Tehran rejiminin birbaşa Azərbaycanla hərbi toqquşmaya getməsi gözlənilmir”.

Turan Rzayev
Globalinfo.az