Zəngəzur dəhlizi Cənubi Qafqaza Şengen modeli qazandıracaq 

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılışı Cənubi Qafqaz regionunun həm siyasi, həm də iqtisadi mənzərəsini dəyişəcək.

Bəs region dövlətləri vahid sistem halında “mini Şengen” yarada biləcəkmi?

Politoloq Asif Nərimanlı bildirib ki, Zəngəzur dəhlizinin reallaşmasının region ölkələri üçün həm iqtisadi əlaqələrin qurulması, həm də siyasi inteqrasiya baxımdan müsbət tərəfləri var:

“Gürcüstan, İran, Rusiya, Türkiyə, Ermənistan arasında yaranacaq siyasi format həm də regiona kənar müdaxilələrin qarşısını alacaq. Bunun ən çox marağında olan ölkələrdən biri də Rusiyadır. İran hazırda dəhlizin açılmasına absurd formada   qarşı çıxsa da, onun üçün də müsbət tərəfləri var. Sonrakı mərhələdə Gürcüstan və Rusiya məsələsi də proseslərin bir hissəsi kimi həll edilə bilər.

Zəngəzur dəhlizinin açılması və iqtisadi əlaqələrin qurulması ilə Cənubi Qafqaz bütövlükdə Avrasiya coğrafiyasının nəqliyyat şəbəkəsində əsas hablardan birinə çevriləcək. Çindən tutmuş Avropaya qədər olan yükdaşımalar, o cümlədən şimal və cənub dəhlizləri – Rusiya və İran marşrutları vasitəsilə daşınmaların böyük bir hissəsi məhz Cənubi Qafqaz üzərindən həyata keçiriləcək. Rusiya və İran marşrutlarında müəyyən problemlər yaransa belə, Azərbaycan üzərindən keçən marşrutda heç bir problem yoxdur”.

Politoloqun sözlərinə görə dəhlizin açılması bölgənin kifayət qədər inkişafına gətirib çıxaracaq və ən çox qazanan ölkələrdən biri əslində elə Ermənistan olacaq:

“Sülh sazişi imzalanandan, Zəngəzur dəhlizi açılandan sonra Ermənistan-Azərbaycan münasibətləri normallaşacaq və bütün ölkələrin vətəndaşları bir-birinə daha rahat formada gedib-gələ biləcəksə Cənubi Qafqaz müəyyən qədər Şengen bölgəsinə çevrilə bilər. Amma hələ ki, bu proses çox mürəkkəb bir vəziyyət alıb. Yaxın dövrdə bu məsələnin həllini tapacağı bir qədər inandırıcı görünmür”.

Gülnar Səlimova
Globalinfo.az