Zahid Oruc: “Yeni yüz il başlayır” – VİDEO

Prezidentliyə namizəd Zahid Oruc İTV-nin efirindəki debatda 6-cı dəfə çıxış edib.

Globalinfo.az Zahid Orucun həmin çıxışını təqdim edir:

“Əziz həmvətənlər, Xalqımızın son 300 illik tarixində hansı quruluş və rəhbərin dövründə biz köçkünlüyə məruz qalmamışıq? Sual əsla keçmişimizi mühakimə etmək deyil, tam əksinə, tarixdən elə bir dərs almaqdır ki, bir daha didərgin düşməyək. Qələbədən sonra Böyük Qayıdış başlanıb. Milli tariximizin köç selini, gedişini kimlər dəyişdiribsə, adları millətin şərəf lövhəsində əbədilik qalacaq. Dünyada 114 milyon köçkündən torpaqlarına qayıdan tək millətik. Beləliklə, bizim birinci şüarımız: Köçkünlük Əsri bitdi, indi Qayıdışın 100 ili – Qalib Yüz İl başlanır.

Müharibədən cəmi 10 gün sonra 20 noyabr 2020-ci ildə dövlət Əlaqələndirmə Qərargahı yaradıb, 2022-ci ildə Qayıdış dövlət proqramı qəbul olunub, 118 min ha ərazi minadan təmizlənib və dünənki məlumata görə, 5049 qardaş-bacımızın həsrətinə son qoyulub və 2026-cı ilin sonuna 130 min insan məskunlaşdırılacaq. Qayıdış könüllü və dayanıqlı olmalıdır ki, qayıdanlar orada daimi yaşasın. Dövlət orqanları köçkünlər arasında niyyət sorğusu keçirib və əhalinin mütləq əksəriyyəti qayıtmaq arzusunu ifadə edib.

Məlumat üçün, işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi olub. Onların sayının 316-ya endirilməsi qərara gəlinib. Dünyada tam oxşar olmasa da, yaponlar və almanlar əvvəlki formada deyil, fərqli yer və quruluşda yaşayış məntəqələrini yaradıblar. Köçkünlərin ölkəmizin coğrafiyasında qeyri-bərabər paylanmasını nəzərə almalıyıq, bölgələrimizin 59-unda müxtəlif sayda məskunlaşma getsə də, 26-sında onlar yoxdur. Üstəlik, 33 illik köçkünlük öz-özlüyündə yeni nəslin meydana gəlməsinə səbəb olub və rəy sorğuları göstərir ki, köçkün əhalinin yalnız yarısı “əvvəlki evim olsun” mövqeyini seçir. Hökumət hər gün məlumatlandırma aparmalıdır ki, tikilməyən kəndlər ətrafında düşmən təbliğatı aparılmasın.

Qayıdışla bağlı 1-ci təklifimiz “Vergisiz Qarabağ” adlanır. Azad torpaqlarda qurulan hər bir infrastruktur obyekti təkcə köçkünlər üçün deyil, orada yaşamaq istəyən milyonlarla insan üçündür. Bu məqsədlə 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı Əlavə Dəyər Vergisindən azad edilib. Bu müsbət addımdır. Lakin davamlı emal sənayesini və xidmət infrastrukturunu yaratmaq, onu ölkəmizin iqtisadi sisteminə qoşmaq və xarici-daxili investisiyanı təşviq etmək üçün bütün növ vergilərdən azad olunması, yəni “sıfır vergi” siyasətini təklif edirik. Oraya qoyulan hər manat sərmayənin yaradacağı dəyər özü böyük gəlirlərə çevriləcək.

İkinci təklifimiz, günü sabahdan dövlət Əlaqələndirmə Qərargahı vasitəsilə xüsusi qaydalar hazırlayıb, azad torpaqlara qayıtmaq istəyənlərə, yəni köçkün olmayan insanlara da çağırış edə, şəffaf şərtləri hazırlayıb cəmiyyətə təqdim edə bilər. Mövzunun həssaslığını yaxşı başa düşürük, onu kimsə “yerli əhali qayıtmamış, siz onların torpaqlarına digərlərini qaytarmaq istəyrisiniz” kimi şərh edə və insanlar arasında çaşqınlıq yarada bilər. Lakin söhbət əsla məcburi köçkünlərin evindən getmir, bir kənddə 100 evi tikmək istəyən şirkətin əvəzində digər torpaq ərazilərində xərcləri ödənə bilər və dövlətin yükü paylaşılar. Ona görə də Qarabağın və azad torpaqların zəngin təbii sərvətlərini nəzərə alaraq, 1 milyon insanın oraya qayıdışını, 400 min insanın iş yeri layihəsini bir daha irəli sürürük. Müəyyən standartlar tətbiq etmək şərtilə əhaliyə öz hesablarına yaşayış evlərinin tikintisinə icazə verilməsini təklif edirik. Belə olan halda minlərlə sahibkar minalardan təmizlənmiş kəndində doğma evini tikməyə özü qalxar!

Bizim növbəti çağırışımız qardaş Türk Dövlətlərinə, daha sonra İslam Konfransı təşkilatlarınadır – onlar Qarabağın bərpasına kömək etsinlər. Hər zaman öyünürük ki, TDT 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq nominal ÜDM-ə malikdir. Onlar Özbəkistanın təşəbbüslərinə qoşulub 100 məktəbi birlikdə inşa etsələr, adını qoyarıq “Türk Dövlətləri Məktəbləri”…

İkinci Dünya müharibəsindən sonra dağılmış Almaniya və Avropanı bərpa etmək üçün həyata keçirilən “Marşal planı”ndan hamımız məlumatlıyıq. Qoy indi, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi 30 illik işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə yardımlar ayırsın. Əgər milli tikinti şirkətlərinin korrupsiyaya yol verəcəklərindən ehtiyat edirlərsə, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş verib, onlarla məktəbi, səhiyyə obyektini bərpa etsinlər. Bu, regionda sülhə və birgəyaşayışa, insan haqlarına ən böyük töhfə olar. Qərb dövlətləri niyə ev tikəndə demokrat olmurlar, ancaq hakimiyyətləri devirəndə demokratiya yadlarına düşür?…

Beynəlxalq birlik humanitar və təbii fəlakətlərlə bağlı donor konfransları keçirir. 2020-ci ildə Londonda 70 ölkənin iştirakı ilə “Yaxın Şərq regionuna dəstək” donor konfransı keçirilib. Dövlətimiz orada təmsil olunub. Biz təklif edirik ki, Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilsin. Bütün dövlətlərə dəvət göndərilsin, gəlməyən ölkələrin hamısının bizim üçün statusu bəlli olacaq, bir daha hansı dövlət ədalətə, sülhə və humanizmə necə xidmət edirlər. Dünyanın 52 dövləti Ukraynaya müharibə üçün 268 milyard dollarlıq yardım ediblər, müharibə bitərsə bərpa üçün 750 milyardlıq da kömək göstərəcəklərini elan ediblər. Biz onların hamısından soruşuruq -müharibəni xalqımız özü apardı, heç olmasa, bir kəndi, 100 evi üzərinizə götürün ki, BMT tribunasından danışmağa üzünüz olsun.

Böyük Qayıdışa qarşı aparılan kampaniyadan danışmaq istərdik. 100 minlərlə dağılmış evi çəkib dünyaya göstərməyən CNN, BBC kanalları Qarabağda korrupsiyaya qarşı hər gün mübarizə aparırlar. Siz onların və daxildə hakimiyyət uğrunda mübarizədə Qarabağ kartı çevirənlərin arqumentlərinə fikir verin: hakimiyyət bütün azad torpaqları öz arasında böləcək, yalnız öz şirkətlərinə layihələri verirlər, qəsdən prosesi gecikdirirlər, minaları təmizləməyə başqa qüvvələri qoymurllar və sair. Bu düşmən təbliğatı 30 il ərzində “bir qarış da torpağı azad etməyəcəklər” sözlərinə çox bənzəyir. Böyük qayıdışa qarşı sistemli kampaniya aparılır. Qorxurlar ki, Azərbaycanın tam əhalisi bu torpağın sahibinə çevriləndən sonra onların ölkəmizə təzyiq imkanları əllərindən çıxar.

Əlbəttə, biz şəffaflığın artırılması üçün hesabatlılığın təşkil edilməsi, hər bir layihə haqda tender məlumatlarının ictimaiyyətə təqdim edilməsi vacibdir. Layihələrin türklərə üstünlük verilir deyənlər, müharibədə onların dövlətlərinin davranışlarını soğrulasınlar. Bir də unutmayın, bəzən 3-4 ay çəkən tender prosedurları müqabilində dövlətə bir gündə Laçın postunda məntəqə-istehkam qurmaq gərək olur. Real təhlükəsizlik mənafelərini unutmayın.

Biz “Qarabağdan oğurlama” ümumxalq kampaniyasının başlanmasını təklif edirik. Quruculuq işlərində dövlətin ayırdığı vəsaitlərə göz dikənlər işğalçılarla eyni işi görüb, on minlərlə vətəndaşımızın köçkünlükdə qalmasına rəvac verirlər. Torpaqlarımızı oğurlamaq istəyənlərin də məramı beləydi. Bu cinayətdən də böyük əməldir – millətə qəsddir. Ona görə də Böyük Qayıdışla bağlı ayrıca qanunun qəbulu edilməsini, cəzaların ikiqat sərtləşdirilməsini təklif edirik. Qarabağ bizim təmizliyimizin də simvolu olmalıdır. Yeri gəlmişkən, Hesablama Palatası azad torpaqlarda görülən bütün işlərin auditini-yoxlanmasını həyata keçirir.

Qarabağda xüsusi nümayəndəlik institutu yaradılıb. Azad edilən ərazilərdən kənarda yalnız Naxçıvanda belə bir təyinata yol verilib. Ona görə Qarabağı idarəçilik üçün də bir model sayıb konstitusion islahatlara ehtiyac olduğunu bildiririk. İkili idarəçiliyin olması məqbul deyil.

Dövlət Məşğlulluq Agentliyinin məlumatını sizin üçün oxuyuram. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilən ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 129.300 nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94,4 min nəfər – 73 faiz əmək qabiliyyətli şəxsin 19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə ixtisassızdır. Bu insanların orada böyük inşaat işlərinə cəlb edilməsi, miminum peşə ixtisaslarına yiyələnmələri üçün indidən ünvanlı işlərə ehtiyacı var.

Müharibədə olduğu kimi, az qala hər gün görülən işlərə dair rəsmi Qərargahın məlumat verməsi çox faydalı olar. Böyük Qayıdışla bağlı bütün görülən işlərin vahid informasiya portalında əksini tapması, hələ qayıdışı gözləyən insanlara daimi-həftəlik, bəlkə də günlük məlumatların verilməsi, Qayıdış proqramında nəzərdə tutulan bütün 300 tədbirin hamısı haqqında mütəmadi hesabatların yayılması vacibdir.

Yeni siyasi təqvimdə 19 iyul tarixinin “Böyük Qayıdış” günü kimi elan edilməsi onun dövlət protokoluna daxil edilməsi və milli ritualların müəyyənləşdirilməsi vacibdir.

AŞPA-nı Ermənistan parlamentindən nümunə götürməyə çağırıram. Çünki nə 44 günlə bağlı, nə də 20 sentyabrın nəticələrinə dair əleyhimizə hər hansı aqressiv qərar qəbul olunmayıb. BMT missiyasının zorakılıq aşkarlamadığı halda Parlament Assambleyası separatizmi təşviq edənlərin və sülh əleyhdarlarının tribunasına çevrilib.

Legitimliyi Amerika, Fransa vermir, xalq verir. Prezidenti bizi Qarabağda məğlub etməyə çalışan dövlətlər deyil, qalib millət seçir.

Biz elə bir gələcək arzulayırıq ki, bir evdə yaşayanların bütün nəsilləri gedib desinlər ki, mənim əcdadım bu evdə yaşayıb və buradan məni kimsə tərpətməyib, çünki bütün ölkəni bürüyən çadır şəhərcikləri millətimizin taleyinin ən ağır səhnəsidir. Lakin Qayıdış yalnız azad torpaqlara deyil, bütün tariximizə, dəyərlərə qayıdışdır. Bu gün boşalan kəndlərimiz-onların sayı yüzlərlədir, onlar üçün də Qayıdış proqramı tərtib etməliyik.

Onu da unutmayaq ki, bir vaxtlar millətin köçkünlüyə səbəb olanlar, indi Qayıdışa eyni məqsəd və məramla hücum edirlər. Lakin qədirbilən xalqımız yaxşı bilir ki, Böyük Qayıdış ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından başlayır. Ona görə də bizi öz məqsədləri naminə 1989-cu ildə ilin xalqı elan edən “Time” jurnalı nədən 21-ci əsrin tək qalib millətini görməzdən gəlir?

Biz inanırıq ki, köçkünlüyünün 70-80 illini qeyd edən babalarımız artıq öz evlərinə dönüb deyəcəklər: bir daha qaçqınlıq taleyi yaşamayacağıq, varislərimiz hər zaman doğma torpaqlarda qurub yaradacaqlar.

Azərbaycanın Baş planı Böyük Qayıdışdır. Gəlin, Yeni Vətən quruculuğuna birlikdə qoşulaq”.