Qarabağ separatçılarının taleyi Ermənistanda yenidən gündəmə çevrilib.
Globalinfo.az xəbər verir ki, bu dəfə hökumətyönlü jurnalist Tatul Akopyanın yazdıqları müzakirələrə səbəb olub.
Belə ki, Akopyan Qarabağın Azərbaycanın nəzarətinə keçməsinin günahkarının separatçıların sonuncu lideri Samvel Şahramanyanın addımlarının olduğunu iddia edib.
Akopyanın yazdıqlarından diqqətçəkən məqam isə separatçıların keçmiş liderlərinin (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan) Azərbaycan tərəfindən saxlanması ilə bağlı olub. Jurnalist bu şəxslərin Rusiya sülhməramlılarının o zaman nəzarətində olan Xocalı hava limanına sığındığını, sonradan onların buradan çıxıb, başqa yerə yerləşmək barədə razı salındıqlarını bildirib. Aeroportdan çıxdıqdan sonra onların azərbaycanlılar tərəfindən yaxalandığı vurğulanıb.
Separatçıların keçmiş xarici işlər naziri David Babayanın Azərbaycanın təslim olmasına gəlincə isə Akopyan onun bununla özünü xilas etdiyini iddia edib.
Qeyd edək ki, daha əvvəl keçmiş separatçı rejimin başçılarının Xocalı hava limanında gizləndiyi və məhz burada ələ keçdiyi barədə məlumatlar yayılmışdı. T.Akopyanın dediklərindən belə aydın olur ki, separatçı liderlər Qarabağdan qaçmağa çalışarkən həbs ediliblər.
Əliyar Xəlil
Globalinfo.az