Möhtəşəm bir günü, tarixi hadisəni geridə qoyduq. Qarabağ qələbəsini Zəfər seçkisi ilə taclandırdıq. Azərbaycan xalqı seçim hüququndan istifadə edib, öz namizədini seçdi.
Artıq “ekzit-poll”un nəticələri elan olunub və İlham Əliyev Prezident seçkilərində qalib gəlib. Bu münasibətlə mən də öz adımdan möhtərəm cənab Prezidenti təbrik edirəm.
Zəfər seçkisini mənim üçün yaddaqalan edən əsas məqam işğaldan azad edilən tarixi şəhərimiz Xankəndidə səs verməyim oldu. Bundan başqa, Xocalı, Əsgəran, Ağdamda seçki prosesini yaxından izlədim.
İlk növbədə deyim ki, Qarabağımız bərpa edilir, özü də proses düşündüyümüzdən də sürətli gedir. Yolboyu hər kənd, hər qəsəbədə bunu görmək olur. Qarabağda hər kəs sanki bu amal, müqəddəs missiya üçün səfərbər olub. Xüsusilə Xocalıda tikilən yeni binalar, təmir edilən evlər, salınan yolları görmək məni çox sevindirdi.
Qarabağda yerli əhali ilə yanaşı, həm də bərpa prosesində iştirak edən işçilər, qazilər, şəhid ailələri, habelə Xocalı faciəsi kimi dəhşətli prosesi, işğalı görüb yaşamış şəxslər seçkidə xüsusi həvəslə iştirak edirdilər. Məntəqələrdə isə vətəndaşlarla rəftar, münasibət olduqca müsbət idi: seçicilərə hər cür köməklik göstərilir, sualları cavablandırılırdı. Rahatlıqla deyə bilərəm ki, səsvermə bütün demokratik prinsip və normalar əsasında, tam şəffaf keçirildi.
Qarabağımız bərpa edilir, amma bu proses heç də ermənilərin iddia etdiyi kimi onların irsini dağıtmaq hesabına baş tutmur. Əksinə erməni irsi çox ciddi şəkildə qorunur.
İstəsək də, istəməsək də ermənilər 30 illik işğal dövründə Qarabağımızda öz “irslərini” yaradıblar. Xankəndi şəhərində erməni dilində yazılara, mağazaların reklam tablolarına, işarələrə – demək olar, heç nəyə toxunulmayıb. Ermənilərə məxsus abidələr, mütəfəkkirlərinin büstləri, heykəlləri hələ də yerinədir.
Xocalıda məni təəccübləndirən bir hadisə oldu. Sözün düzü, həm təəccübləndim, həm də xalqımla bir daha qürur duydum. Belə ki, 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd dairəsinin 107 saylı Xocalı-Əsgəran seçki məntəqəsi Edmon Barseqyan adına məktəbin ərazisində idi. Məktəb ərazisini gəzərkən bir erməni mütəfəkkirin büstünə rast gəldim. Onun kim olduğunu bilmədim, amma şəkil çəkdirmək qərarına gəldim.
Bu, kimlərəsə görə mənasız, hətta qıcıq doğuran davranış ola bilər, amma mənim üçün çox vacib idi. İstədim, bizi erməni irsini məhv etməkdə günahlandıran şəxslər görsün ki, Qarabağda nəinki erməni irsi məhv edilmir, əksinə qorunur. Çünki bizim davamız torpaq davası idi. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, bizim erməni xalqı ilə heç bir düşmənçiliyimiz yoxdur.
Artıq Qarabağ öz sahibinə qovuşub və ermənilərdən fərqli olaraq biz orada hansısa “irsi” məhv etmirik. Bax mədəniyyət həm də budur!
Kilsədən silah anbarı, məsciddən tövlə kimi istifadə edənlər bizi hansısa abidələri dağıtmaq ittiham edə bilməz. Qarabağ hazırda tarixində heç olmadığı qədər gözəldir.
Turan Rzayev
Globalinfo.az