Ukrayna Müdafiə Qüvvələri ötən gecə yenidən Rusiya strateji aviasiya aerodromlarına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna hərbçiləri Saratov vilayətindəki Engels aerodromunu vurub. Strateji bombardmançıların, aviatankerlərin və müşayiət qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromuna da zərbələr endirilib. Məlumatına görə, Saratov vilayətində ən azı üç yanacaq çəni vurulub, onlarla partlayış qeydə alınıb. Yaxın ərazilərdə yanğınlar olub, qatı tüstü müşahidə edilib.
Həmçinin Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan “Miçurinski tərəqqi” müdafiə zavodunun da vurulduğu bildirilir.