Türkiyə əməliyyatların anonsunu verdi – “Azərbaycan ehtiyatlı olmalıdır…”

“ABŞ və Türkiyə NATO müttəfiqləri olmalarına baxmayaraq, aralarında ciddi ziddiyyətlər var. Bunun səbəblərindən biri həmin dövlətlərin fərqli regionlardakı, o cümlədən Cənubi Qafqazdakı, Şərqi Avropadakı, Yaxın Şərqdəki mövqeləri ilə bağlıdır. Digər tərəfdən F-16 və F-35 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı suallar, Rusiya ilə bağlı fərqli mövqelər, terrora qarşı mübarizədəki fikir ayrılıqları da ziddiyyəti gücləndirən faktorlardandır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Ankara ilə Vaşinqton arasında münasibətlərin asanlıqla yaxşılaşacağı görünmür:

“Çünki problemlər kifayət qədərdir. Və onların hər biri digəri ilə bağlıdır. Münasibətlərin yaxşılaşması üçün həmin problemlər həllini tapmalıdır. Bu isə indiki vaxtda real görünmür.

İkinci bir tərəfdən, Türkiyənin ABŞ-la çox yaxınlaşması Rusiya ilə münasibətlərə təsir edə bilər. Bu, indiki məqamda rəsmi Ankaranın maraqlarına uyğun deyil.

Amma ABŞ və Türkiyənin bir-birilərinə ehtiyacları var. Bu mənada tərəflər qarşılıqlı güzəştə getsələr, uduzmazlar.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriya və İraqda yeni hərbi əməliyyatların anonsunu verib. Bu əməliyyatların effektli olması üçün Ağ Evlə “dil tapılması” məqsədəuyğundur. Eyni zamanda Türkiyə qırıcıların tədarükündə, Şərqi Avropadakı müharibənin ən qısa zamanda bitməsində israrlıdır. Lakin bu məsələlər ancaq qarşılıqlı güzəştlərlə həllini tapa bilər.

Düşünürəm ki, Ankara Vaşinqtonla münasibətləri dəyişdirmək üçün tələsməyəcək və bunun üçün ABŞ-dakı prezident seçkilərinin nəticələrini gözləyəcək.

İkitərəfli münasibətlərin Cənubi Qafqaza təsirinə gəldikdə isə deməliyik ki, “buzların əriməsi” Azərbaycanın da maraqlarına uyğun ola bilər. Amma bu, strateji məsələ deyil. Çünki Rusiya faktorunu da nəzərə almalıyıq. Türkiyənin timsalında Qərbin, xüsusilə ABŞ-ın regiona gəlməsi Rusiyanın narazılığına səbəb ola bilər”.

Turan Rzayev
Globalinfo.az