
ABŞ-da Donald Trampın prezident kimi and içib, vəzifəsinin icrasına başlamasından 10 gün keçib. Onun seçkilər öncəsi verdiyi vədlər, səsləndirdiyi fikirlər Trampa ümidləri artırmışdı. Onu bəşəriyyətin xilaskarı kimi qələmə verənlər də kifayət qədər idi. Bu 10 gün ərzindəki fəaliyyəti fonunda növbəti mərhələdə hansı addımları atacağı maraq doğurur.
Trampın 4 ildə nə edəcəyini indidən görmək, bilmək mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Donald Tramp hazırda iqtisadi sahədə mühüm addımlar atır:
“Paris anlaşmasından, Dünya İqlim Sammiti sazişindən çıxması və Ümumdünya Səhiyyə Təşkilatından uzaqlaşması ciddi bir qərar idi. İqtisadi baxımdan yeni bir Tramp siması idi. Dövlət müdaxiləsi anlamında özünü indidən göstərdi ki, 100 gün ərzində bu fəaliyyət maksimuma çıxacaq.

Əziz Əlibəyli
Tramp xarici siyasətdə “Amerika först” siyasətini yürütmək istəyir. Onun baxışında öncəlik Amerikadır. Sərt immiqrasiya siyasətinə start verməsi insan haqlarına yeni bir baxış gətirir.
Sərhəd təhlükəsizliyində də Trampı bu cür fərqləndirici manerada görə bilərik. Ən əsas fərqləndirici mexanizmi həm də Rusiya-Ukrayna müharibəsi fonunda münaqişələrə münasibətdə görəcəyik”.
Bəs Donald Tramp müharibələri dayandıra, tərəfləri sülh masasında əyləşdirə biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Donald Trampın hazırkı fəaliyyəti seçkiqabağı verdiyi vədlərlə üst-üstə düşür:
“Miqrantlarla bağlı qərar, Dünya İqlim Sammiti sazişindən çıxması və Ümumdünya Səhiyyə Təşkilatından uzaqlaşması və s. buna nümunədir. Donald Tramp 1 günün içərisində müharibələri dayandıracağı vədinə əməl etmədi. Əksinə, onun Amerikanın genişləndirilməsi, digər ərazilərə iddiası Trampın müharibələrin dayandırılması istiqamətində çıxış etmədiyinin göstəricisi idi. O, mövcud münaqişələrin dayandırılması üçün addımlar atmaq niyyətini ortaya qoyur. Hakimiyyətə gəldiyi gündən qısa müddət sonra 1 gün ərzində həll edəcəyini dediyi məsələlərlə bağlı 6 aylıq hədəflər səsləndirməsi onu deməyə əsas verir ki, Tramp administrasiyası müharibələrin dərinliyini yaxşı dərk edir.

Rəşad Bayramov
Lakin o, verdiyi vədləri həyata keçirməyə başlayıb. Məsələn, İsrail-HƏMAS gərginliyində Trampın tərəfləri hədələməsi nəticəsində onlar bir masa arxasında oturub razılığa gəlməyə məcbur oldular. Eyni hal Rusiya-Ukrayna münasibətlərinə də aiddir. 90 gün ərzində bütün xarici ölkələrə maliyyə yardımının dayandırılması yeni dəstəyin, silah və texnikaların göndərilməməsi istiqamətində verilən qərar Ukraynanı acınacaqlı vəziyyətə sala bilər. Bu gün Ukraynanın müharibə aparmasında əsas sponsor elə ABŞ-dır. Rusiya danışıqlar masasına oturmağa razılıq verməsə, onun üçün də çətin dövrün başlaması ehtimalı yüksəkdir”.
Safura Bənnayeva
Globalinfo.az