Zəngəzur dəhlizinə “milli faciə” demişdi – İndi isə Ermənistanı dayandıra bilmir

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi deyib ki, Qərb ölkələrinin regiona müdaxiləsi təcrübəsi uğurlu hesab olunmur. Onun sözlərinə görə, İran hər zaman regional məsələlərin bölgədə yerləşən ölkələrin potensialından yararlanaraq həllinə təkid edib:

“Regional məsələlərin həllinə heç kömək etməyəcəklər, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaqlar. Çünki bu dövlətlər region ölkələrinin maraqlarını deyil, əsasən öz maraqlarını təmin etməyə çalışırlar”.

Səfir region ölkələrinin öz məsələlərini özləri həll etmək gücündə olduğuna inandığını söyləyib: “İran bu istiqamətdə iki və çoxtərəfli təmaslarını davam etdirir”.

Maraqlıdır, o zaman İran niyə Zəngəzur dəhlizini “qırmızı xətt”i sayır? Bundan başqa, Tehran niyə Ermənistanın silahlandırılmasına vasitəçilik edir? Bu və ya digər şəxslərin dili ilə Azərbaycanı hədələyən bəyanatlar səsləndirir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu bəyanat daxili işlərinə müdaxilə olunan və ya xarici dövlətlərin müdaxiləsinə şərait yaradan dövlət tərəfindən deyil, qonşu dövlətin diplomatik nümayəndəsi tərəfindən verilir:

“Elə regionun digər daha güclü dövləti hesab olunan Rusiya da bu tipli və ya daha sərt bəyanatlar səsləndirir. Amma bu bəyanatları səsləndirənlər xarici dövlətlərin regiona müdaxiləsinin qarşısını almaq üçün real tədbirlər görmür.

İrana gəlincə, heç şübhəsiz, onun uzun müddət Ermənistanın arxasında dayanması və Azərbaycana qarşı ambisiyalarını dəstəkləməsi Tehranı öz müttəfiqi hesab etməsi ilə nəticələnib. Bir il bundan əvvəl İran-Ermənistan münasibətlərinin yüksək səviyyədə olması danılmaz faktdır. İndi Avropa və ABŞ-ın Ermənistanı dəstəkləməsi və bu ölkədə öz mövcudluqlarını gücləndirilməsi İran tərəfindən qəbuledilməz hesab olunur.

Bu gün Ermənistan həyata keçirdiyi xarici siyasəti, xüsusən NATO ölkələri ilə bütün sahələrdə yaxınlaşma siyasətini geri döndərmək fikrində və hətta iqtidarında deyil. Çünki İrandan əvvəl Rusiyadan gələn təhlükələr belə onu bu kursdan döndərə bilmir. İrəvanda inanırlar ki, nə Rusiya, nə də İran şifahi bəyanatlardan o yana keçəcək. Digər tərəfdən Qərb qarşısında götürdüyü öhdəliklər Ermənistanı bu yoldan dönməyə imkan verməyəcək”.

Seyid Abbas Musəvi

Politoloq deyib ki, səfir həmçinin qeyd edir ki, regiondankənar qüvvələr region dövlətlərinin problemlərini həll etməyə yardım etmək əvəzinə bu problemləri daha da çətinləşdirəcək və onlar regiona gəlməklə öz siyasətlərini həyata keçirməyi prioritet hesab edirlər:

“İran Zəngəzur dəhlizinin açılması perspektivini özü üçün “milli faciə” hesab etməz və bu istiqamətdə Azərbaycan əlindən gələn maneəni törətməzdi. Deməli, İran da regiondankənar qüvvələrin region ölkələrinin işlərinə müdaxiləsini məhz özü üçün, öz siyasəti üçün təhlükə görür. İran başa düşür ki, Ermənistan xarici qüvvələrin dayaq məntəqəsinə çevrilməklə qalmayacaq, eyni zamanda İrana qarşı müdaxilə üçün plasdarm vəzifəsi yerinə yetirəcək. Digər tərəfdən xarici ölkələrin regiona müdaxiləsi İran və həm də Rusiyanı bu qədər narahat edirsə, nədən sadəcə bəyanat verməklə kifayətlənirlər. Qərb addım-addım öz mövcudluğunu genişləndirir, İranla Rusiya isə hələ ki, bəyanatların sayını artırmaqla məşğuldurlar.

Əgər onlar yenə də müşahidəçi mövqeyindən əl çəkib İrəvanı ciddi şəkildə cəzalandırmağa başlamasalar, Paşinyan daha da cürətlənəcək və Tehranın bəyanatları fonunda hərbi qüvvələri öz ölkəsində yerləşdirəcək”.

Turan Rzayev
Globalinfo.az