Taksilərlə bağlı mühüm proses başlayır – Ekspertdən xəbərdarlıq

Son vaxtlar ölkə ərazisində, xüsusən paytaxt Bakıda taksilərin sayının azaldılması ilə bağlı müzakirələr gedir. Bir qisim isə ictimai nəqliyyatın öz funksiyasını tam icra edə bilmədiyini, bu yükü taksilərin çəkdiyini bildirir.

Belə bir məqamda hökumət taksilərin ixtisarına gedə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ixtisar birmənalı şəkildə sayın azaldılması demək deyil:

“Bu gün taksi fəaliyyəti üçün qoyulan tələblərə bir çox sürücülərin əməl edə bilməyəcəyini açıq şəkildə görürük. Məsələn, adam narkomandırsa, sağlamlıq haqqında arayışı əldə edə bilməyəcək. Ona görə də təhlillərimiz həmin tələblərin icrasının avtomatik olaraq taksi sürücülərinin azalmasına gətirib çıxaracağını göstərir. Bu tələblərdən sonra sürücülər arasında qoyulan şərtlərə uyğun gəlməyən xeyli insan taksi fəaliyyətindən kənarda qalacaq”.

E.Muradlı deyib ki, hazırda 70 min taksi sürücüsü varsa, onun təxmini 30 mini kənarda qala bilər, lakin ölkə üzrə sürücülərin sayı ilə bağlı limit tətbiq edilməyib:

Taksilərin ictimai nəqliyyatın fəaliyyətində çox böyük rolu var. İctimai nəqliyyat inkişaf etdikcə taksi sayı onsuz da azalacaq. Çünki insanlar ictimai nəqliyyata üz tutacaq, piyadayönümlü şəhər infrastrukturu yaradılacaq. Bu isə məcburi yox, təbii proses olacaq”.

Zaira Akifqızı
Globalinfo.Az