Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb.
Azərbaycan-Avropa İttifaqı münasibətlərində hansı müsbət yeniliklər görə bilərik? Ümumiyyətlə, bu əlaqələr Azərbaycan vətəndaşlarının həyatında viza, təhsil, iqtisadiyyat və s. sahələrdə hansı yeniliklərə səbəb ola bilər?
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafını sadəcə diplomatik görüşlərin intensivliyi ilə dəyərləndirmək düzgün olmaz:
“Hər şeydən öncə qeyd edək ki, bu münasibətlər özünü bir neçə istiqamətdə göstərə bilər. Bunlara siyasi münasibətlər və yeni tərəfdaşlıq sazişlərinin imzalanması, viza məsələsi və Azərbaycan vətəndaşları üçün yarana biləcək yeni imkanlar, təhsil sahəsində baş verəcək dəyişikliklər, tələbələr və gənclər üçün yeni perspektivlər, yeni iş yerlərinin yaradılması, investisiyalar və sahibkarlıq sektorunun inkişafı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik və regional sabitlik daxildir.
Son günlərdə keçirilən görüşlərin sayının artması onu göstərir ki, əməkdaşlığın geosiyasi və geoiqtisadi reallıqlara uyğunlaşdırılmasına çalışılır. Məqsəd əgər nəticəyönümlülükdürsə, bu, ilk növbədə Avropa şirkətlərinin Azərbaycana investisiya imkanlarını genişləndirə bilər. Yeni iqtisadi layihələrin həyata keçirilməsi iş yerlərinin yaradılması ilə müşayiət oluna bilər ki, bu da biznes əlaqələrinin və ixrac imkanlarının artması deməkdir. Bütün bu amillərin texnologiya və innovasiya sahələrinə inteqrasiyası isə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, müasir metod və üsulların tətbiqinə də yol aça bilər.
Şübhəsiz ki, viza rejimindən danışarkən ilk növbədə viza müraciətlərinə baxılma prosedurlarının daha da sadələşdirilməsi nəzərdə tutulur. Bu, tələbələrin, tədqiqatçıların, iş adamlarının və müxtəlif sektorlarda çalışan insanların imkanlarının genişləndirilməsi baxımından əlverişli ola bilər. Sənədləşmə və müraciət prosesində müəyyən çətinliklər mövcuddur. Bu çətinliklərin rəqəmsal xidmətlərin tətbiqi vasitəsilə aradan qaldırılması həm şəffaflığı artıracaq, həm də gecikmələrin qarşısını alacaq.
Vizasız rejimə gəldikdə isə, bu, heç şübhəsiz ki, qarşılıqlı şəkildə real addımların atılmasını tələb edən məsələdir. Yəni, burada həm siyasi, həm də hüquqi prosesdən söhbət gedir. Düşünürəm ki, vizanın ləğvi ilə bağlı hər hansı bir addımın atılmasını hazırkı mərhələ üçün gözləmək olduqca tezdir”.
Politoloq bildirib ki, təhsil sahəsində Azərbaycan universitetləri ilə Avropa universitetləri arasında ikili diplom proqramlarının daha da intensivləşdirilməsi mümkündür:
“Bu, özünü təqaüd proqramlarının genişləndirilməsində də göstərə bilər. Tədqiqatların müasir texnologiyalar əsasında aparılması, şübhəsiz ki, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına gətirib çıxaracaq.

Şəbnəm Həsənova
Avropa şirkətlərinin Azərbaycanda istehsal, logistika, kənd təsərrüfatı və xidmət sahələrinə investisiya yatırması üçün imkanlar genişlənə bilər. Bu, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı baxımından da yeni perspektivlər formalaşdıra bilər. Tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və ixrac imkanlarının artırılması, düşünürəm ki, hər iki tərəfin marağında olan məsələdir. Yeni istehsal müəssisələrinin açılması isə, heç şübhəsiz ki, ixtisaslı iş yerlərinin yaradılması deməkdir.
Enerji sahəsi isə münasibətlərimizin ən mühüm strateji istiqamətidir. Azərbaycan sadəcə enerji təchizatçısı kimi qəbul edilmir. Ölkəmiz həm də Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və iqtisadi bağlantıların inkişafında mühüm tərəfdaşdır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, yaşıl enerji və Qara dənizin sualtı elektrik kabeli münasibətlərimizin fərqli istiqamətləridir. Mərkəzi Asiya regionunun yaşıl enerjisinin Avropa bazarlarına çatdırılması perspektivi tərəflərə geniş imkanlar vəd edir”.
Ş.Həsənova qeyd edib ki, təhlükəsizlik və regional sabitlik məsələsini də kənarda saxlamaq olmaz:
“Çünki Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Söhbət kibertəhlükəsizlikdən, rəqəmsal təhdidlərə qarşı birgə mübarizədən, humanitar minatəmizləmə fəaliyyətindən, regional münaqişələr kontekstində təhlükəsizlik məsələlərindən, həmçinin terrorizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizədən gedir.
Bu baxımdan Azərbaycan Avropa üçün yalnız enerji tərəfdaşı deyil. Azərbaycan Avropa ilə münasibətlərini formalaşdırarkən öz milli maraqlarını və müstəqil xarici siyasət prinsiplərini açıq şəkildə və qətiyyətlə ortaya qoyur. Bu isə o deməkdir ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərkən öz siyasi və iqtisadi prioritetlərimizi qoruyuruq.
Bakı ilə Brüssel arasındakı münasibətlərin gələcək uğuru isə, düşünürəm ki, siyasi bəyanatlardan və görüşlərdən daha çox praktiki mərhələyə keçiddən asılı olacaq. Məhz bu baş verərsə, Bakı–Brüssel münasibətlərində real dəyişikliklər ola bilər”.
Turan Rzayev
Globalinfo.az