Putin Paşinyan üçün sürpriz hazırlayıb – Tezliklə bunlar olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan xilas olmaq üçün bütün imkanlarını səfərbər edib. Erməni rəsmilərinin bu istiqamətdə çıxışları, daxili auditoriyada anti-Rusiya əhvali-ruhiyyəsini artırması və s. buna misal ola bilər. 

Rusiya Paşinyanın bu niyyətindən xəbərdardır və cavab addımları atmağa hazırlaşır. Xüsusilə Kreml rusiyameyilli müxalifəti fəallaşdırmağa başlayıb. Bu isə yaxın gələcəkdə Ermənistanda daxili proseslərin yenidən qarışa biləcəyindən xəbər verir.

Maraqlıdır, Paşinyan Rusiyadan qurtula biləcək? Qərbyönümlü iqtidarla rusiyayönümlü müxalifət toqquşa bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyadan qurtulmaq istəyi yeni deyil:

“Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistanda Rusiya əleyhinə əhvali-ruhiyyəni maksimum həddə çatdırıb. Hətta deyərdim ki, anti-Rusiya siyasəti Paşinyanın əsas siyasi kursunu təşkil edir. Erməni nazirlərin, komitə üzvlərinin vaxtaşırı anti-Rusiya çıxışları, Kremli təhqir etmələri Paşinyanın bu siyasətinin əyani sübutudur. Lakin Paşinyanın və bütövlükdə Ermənistanın Rusiyadan qurtulmaq arzusu reallaşmayacaq, çünki İrəvanda Moskvadan ayrılacaq potensial yoxdur”.

Politoloq vurğulayıb ki, Ermənistanın hərbi-iqtisadi baxımdan mövcudluğu Rusiyadan asılıdır:

“Digər tərəfdən, Rusiya Ermənistanın nə etmək istədiyini yaxşı bilir, hətta bunun qarşısını almaq üçün əks tədbirlər də görür. Söhbət erməni müxalifətinin aktivləşdirilməsi və Paşinyan əleyhinə etirazların başlanmasından gedir. Kreml bu yolla Paşinyana təsir etmək istəyir.

Prinsip etibarilə bu, mümkündür. Nəzərə almaq lazımdır ki, Ermənistanda daxili siyasət hər an qarşıdurma həddinə keçəcək vəziyyətdədir. Xatırladım ki, N.Paşinyan məhz belə iğtişaşlardan sonra hakmiyyətə gəlmişdi”.

Turan Rzayev
Globalinfo.az