rusdili

Deputat Hikmət Babaoğlunun təhsil müəssisələrində rus bölməsinin dövlət hesabına maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O bildirib ki, hazırda Azərbaycanda 157 min şagird rus bölməsində təhsil alır və onların hər biri üçün illik 2 min manat dövlət vəsaiti ayrılır.

Sitat: “Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?!”

Bu yanaşma nə dərəcədə əsaslıdır? Rusiyanın buna münasibəti necə olar?

Globalinfo.az-a danışan təhsil eksperti Məzahir Məmmədli deyib ki, bu, kifayət qədər məntiqli yanaşmadır:

“Çünki Azərbaycanda fəaliyyət göstərən özəl liseylərdə digər dillərdə də tədris aparılır və bu təhsil müəssisələri öz vəsaitləri hesabına maliyyələşir. Ölkəmizdə 150-dən artıq məktəbdə rus bölməsi fəaliyyət göstərir. Təxminən 20 məktəbdə isə tədris tamamilə rus dilində aparılır. Həmin məktəblərdə dərs vəsaitlərinin təminatı və müəllimlərin əməkhaqqı Azərbaycan dövlət büdcəsi hesabına ödənilir. Halbuki digər dillərdə tədris aparan özəl liseylərin maliyyələşməsi həmin müəssisələrin öz hesabına həyata keçirilir. Məsələn, azərbaycanlıların sıx yaşadığı Gürcüstanda da belə məktəblər var. Lakin Gürcüstan hökuməti həmin Azərbaycan məktəblərini maliyyə vəsaiti ilə təmin etmir. Buna baxmayaraq, Azərbaycan hökuməti hər il ənənəvi olaraq dərs vəsaitləri və digər tədris materialları çap etdirərək orada yaşayan azərbaycanlılara göndərir”.

mezahir

Məzahir Məmmədli

Ekspert bildirib ki, Azərbaycanda da eyni yanaşma tətbiq oluna bilər:

“Rus dilində tədris aparılan məktəblərin maliyyələşdirilməsi məsələsində Rusiya tərəfi də məsuliyyət daşımalıdır. Heç olmasa, dərs vəsaitlərini özü çap etdirib göndərə və ya bu məktəblərin maliyyələşməsində iştirak edə bilər. Konstitusiyamıza görə, Azərbaycanda icbari təhsil doqquzillikdir və bu, dövlət hesabına təmin olunur. Bu baxımdan, düşünürəm ki, Hikmət Babaoğlunun parlamentdə qaldırdığı məsələ kifayət qədər əsaslıdır. Rus dilində tədris də ödənişli əsaslarla təşkil olunmalıdır. Rusiyanın münasibətinə gəldikdə, əgər bu tədrisin həyata keçirilməsində maraqlıdırsa, onlar öz üzərinə maliyyə məsuliyyəti götürməlidir. Yəni qeyd etdiyim kimi dərs vəsaitlərini çap etdirərək göndərməli yaxud tədrisin maliyyələşdirilməsində iştirak etməlidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: