image 4

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşünün baş tutacağı xəbəri təsdiqlənib.

Bir neçə gün əvvəl ABŞ Dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı, Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu üçtərəfli görüş beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib:

“Görüş ərəfəsində Marko Rubio ilə Vanq Yi arasında telefon danışığının aparılması və liderlər səviyyəsində müzakirələrin gündəliyinin razılaşdırılması diplomatik təmasların intensivliyini göstərən mühüm məqamdır. Bu görüşün əhəmiyyəti üç böyük dövlətin liderlərinin bir araya gəlməsindən daha geniş məna daşıyır. Çünki ABŞ, Çin və Rusiya arasında münasibətlər beynəlxalq təhlükəsizlik sisteminə, qlobal iqtisadiyyata və regional güc balansına birbaşa təsir göstərir. Hazırda Vaşinqton Çinlə iqtisadi və texnoloji rəqabətdə mövqelərini qorumağa, Moskva Qərblə münasibətlərdəki siyasi təcridi azaltmağa, Pekin isə beynəlxalq sistemdə artan iqtisadi və siyasi çəkisini möhkəmləndirməyə çalışır. Bu fərqli maraqlar fonunda üçtərəfli dialoq həm qarşıdurma risklərinin idarə olunması, həm də mümkün anlaşma imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Görüşün əsas müzakirə istiqamətlərindən biri də Rusiya-Ukrayna müharibəsi ola bilər. Vaşinqton münaqişənin dayandırılması üçün diplomatik imkanları genişləndirməyə çalışdığı halda, Moskva özünün təhlükəsizlik və siyasi tələblərinin nəzərə alınmasında maraqlıdır. Çin isə Rusiya ilə strateji tərəfdaşlığını qorumaqla yanaşı, Avropa ilə iqtisadi münasibətlərini və beynəlxalq nüfuzunu da nəzərə almağa çalışır. Lakin Ukraynanın iştirakı olmadan onun gələcəyinə dair razılaşmaların əldə edilməsi davamlı sülh perspektivini zəiflədə bilər. Çünki münaqişənin həlli yalnız atəşkəslə deyil, Ukraynanın suverenliyi və təhlükəsizlik təminatları nəzərə alınmaqla mümkün ola bilər”.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova

Politoloq qeyd edib ki, İran ətrafındakı gərginlik də üç liderin müzakirəsində mühüm yer tuta bilər:

“ABŞ-ın İranın nüvə proqramı və regional fəaliyyətinə münasibəti, Rusiyanın Tehranla siyasi-hərbi əməkdaşlığı, Çinin isə enerji və iqtisadi maraqları bu məsələdə fərqli mövqelər formalaşdırır. Xüsusilə də, Hörmüz boğazında təhlükəsizliyin pozulması dünya enerji bazarlarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, tərəflərin İran məsələsində bütün fikir ayrılıqlarına baxmayaraq, regional eskalasiyanın qarşısının alınmasında ortaq maraqları mövcuddur.

Digər mühüm məsələ nüvə təhlükəsizliyi və strateji silahlanmaya nəzarətdir. ABŞ və Rusiya arasında Yeni START müqaviləsinin 2026-cı ilin fevralında başa çatması nüvə silahlarının məhdudlaşdırılması sahəsində yeni mexanizmlərə ehtiyacı artırıb. Vaşinqton Çinin də bu prosesə qoşulmasında maraqlıdır. Lakin Pekinin nüvə arsenalının ABŞ və Rusiyanın arsenalından xeyli kiçik olması onun eyni şərtlərlə danışıqlara qatılmasını çətinləşdirir. Bu ziddiyyət göstərir ki, strateji sabitliyin təmin olunması üçün tərəflərin təhlükəsizlik maraqları və mövcud qüvvələr nisbəti nəzərə alınmalıdır.

Nəticə etibarilə, Şençjen görüşünün əsas əhəmiyyəti üç dövlət arasında bütün ziddiyyətlərin aradan qaldırılmasında deyil, rəqabətin idarə olunması və qlobal təhlükəsizlik məsələlərində ortaq yanaşmaların müəyyənləşdirilməsindədir. Böyük dövlətlər arasında əldə ediləcək istənilən anlaşmanın davamlı nəticə verməsi isə yalnız güc balansına deyil, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: