sadliq sarayi restoran e1644481674731

Bu ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.

Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub.

Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb.

Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Nəzarət tədbirləri davam etdirilir.

Paylaş: