Sülh sazişi imzalanır, yoxsa?.. – Liderlərin şifrəli bəyanatlarının açması 

Son zamanlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan proseslər sülh sazişinin anonsu olaraq dəyərləndirilir. Liderlər səviyyəsində verilən bəyanatlar, beynəlxalq və yerli ekspertlərin analizləri bu məsələni gündəmə gətirir.

Bəs iki ölkə arasında yaxın zamanda sülh sazişinin imzalanması nə dərəcədə real görünür? Atılan addımları buna işarə kimi qəbul etmək olarmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov Ermənistanın sülhə meyilli olmadığını bildirib:

“Ermənistan sözdən əmələ keçərsə, sülh sazişi imzalana bilər. Çünki 2020-ci ilin payızından sonra Ermənistan rəhbərliyi bir neçə dəfə açıqlama verərək guya sülh istədiklərini, buna möhtac olduqlarını bildirib. Amma bu istiqamətdə hələ də konkret bir addım atmayıblar. Hətta Münxen Təhlükəsizlik Konfransında da Ermənistanın baş naziri Azərbaycan Prezidentinin səsləndirdiyi təkliflərə dair çox inamsız tərzdə münasibət bildirdi. Nikol Paşinyan ölkənin hazırlığının sıfır səviyyəsində olduğunu söylədi. Nəticə olaraq Ermənistanın sülh üçün hər hansı addım atmasının şahidi olmamışıq”.

T.Abbasov Ermənistan ərazisinə göndərilən müşahidəçilərin tərkibindən söz açıb:

“Əgər Ermənistan sülh istəyirsə, niyə müşahidəçi qismində Avropadan hərbiçiləri ərazisinə gətirir?  Halbuki, biz Ermənistana bu addımı atması üçün atəşkəs rejiminin pozulması, hər hansı bir təhlükənin yaranması kimi bir əsas verməmişik. Əksinə, Ermənistan özü yeni gərginlik ocaqları yaratmaqla bölgədə vəziyyətin əvvəlki kimi qeyri-sabit olması şəklində görüntü formalaşdırmağa çalışır. Ona görə də Fransa Prezidenti Emmanuel Makronun və özünün fətvası ilə ərazisinə 100 nəfərdən artıq müşahidəçi dəvət edib. Bunun da adını “vətəndaş missiyası” qoyub. Onların da 50 nəfəri keçmiş jandarm, hərbçi, silahlı şəxslərdirlər. Bu da İrəvanın hələ də dəstək üçün kimlərinsə ümidinə qaldığını göstərir”.

Politoloq İrəvanın sülh niyyətində olmadığını, əksinə, süni balans yaratmağa çalışdığını bildirib:

“Təsadüfi deyil ki, erməni təbliğatı dayanmadan guya Azərbaycanın arxasında Türkiyə və Rusiyanın dayandığını, bu səbəblə məğlub olduqlarını bildirir. Əslində belə deyil. Amma belədirsə, nəzərə almaq lazımdır ki, hər iki ölkə Qafqaz bölgəsinə bilavasitə aidiyyatı olan məmləkətlərdir. Yəni onlar fiziki olaraq bu bölgədə mövcuddurlar. Bəs Fransanın, Lüksemburqun, İrlandiyanın, Norveçin, Yunanıstanın bölgəyə aidiyyatları nədir? Ermənistanın siyasi rəhbərliyi burada süni şəkildə “balans” yaratmağa çalışır. Bu isə ən bəyənilməz ideyadır. Çünki sülh istəyən ilk olaraq danışıqlardan qaçmamalıdır.

İkincisi, Azərbaycanın verdiyi təklifləri konkret şəkildə cavablandırmalıdır. Ermənistan öz əlavələrini etdiyini bildirərək bununla kifayətlənməməlidir. Əlavələrində isə Qarabağın statusu, Laçın dəhlizi kimi ölü məfhumlara yer verməməlidir.

Ermənistan əvvəlki düşüncələri ilə hərəkət edərsə, öz mövqeyini sağlamlaşdıra bilməyəcək. Həmçinin bütün prosesləri başa qaytarmağa çalışacaq. Azərbaycan isə bununla razılaşa bilməz”.

Ayşən Mustafa
Globalinfo.az