“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana nə vəd edir?

Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşü zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. 

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, əslində, Şimal-Cənub nəqliyyat dəhlizinin rolu və önəmi yaxın illərdə ölkəmizdən keçən nəqliyyat logistik xəttləri nöqteyi nəzərdən həlledici olacaq.

Elşad Məmmədov

Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında problemlərin dərinləşməsinin və bunun dayanıqlı məzmun almasının Kreml üçün alternativ olaraq Şərqə və Cənuba istiqamətlənməsini zəruri edir:

“Eyni zamanda dünya iqtisadiyyatında dərinləşən struktur problemi də bunu deməyə əsas verir ki, faktiki olaraq regionlaşma və Avrasiya iqtisadi əlaqələrinin dərinləşməsi qaçılmazdır. Belə olan halda Şimal-Cənub dəhlizi Rusiya üçün əsas iki alternativ dəhlizlərdən biri kimi çıxış edəcək. Azərbaycan üzərindən keçən Şimal-Cənub dəhlizinin seqmenti bir çox parametrlərə görə ən optimal hesab olunur. Bu da onu deməyə əsas verir ki, qeyd olunan həcmlər perspektivdə xeyli dərəcədə artacaq və mövcud infrastruktur həmin həcmlərin daşınmasında böyük ehtimalla kifayət etməyəcək. Ona görə də infrastrukturun genişlənməsi məsələləri perspektivlidir. Düşünürəm ki, buna indidən getmək lazımdır və ölkə prezidentinin bununla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir”.

İqtisadçı deyib ki, yaxın illərdə mütləq ölkəmizin nəqliyyat, logistik infrastrukturunun artan tələblərə uyğun olaraq genişləndirilməsinə nail olmalıyıq:

“Düşünürəm ki, bu istiqamətdə əməkdaşlığımız həm də xarici tərəfdaşlarımızla dərinləşəcək. Son nəticədə isə Azərbaycan üzərindən daşınan yüklərin artması ölkəmizin tranzit daxil olmalarının genişləndirilməsinə və böyüməsinə şərait yaratmalıdır. Həm də ölkəmizdə istehsal olunan və prioritet olaraq qeyri-xammal məhsullarının həmin nəqliyyat logistik dəhlizlər vasitəsilə çatdırılacağına şərait yaratmalıyıq”.

Zaira Akifqızı

Globalinfo.az