1646468369877908 3rfJegwq
Serbiya Daxili İşlər Nazirliyi Təhlükəsizlik və İnformasiya Agentliyinin dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə konstitusiya quruluşunu zorakı yolla devirməyə cəhd edən altı nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Serbiya DİN məlumat yayıb.

İstintaq məlumatlarına görə, saxlanılan şəxslər Kralyevo şəhərində yerləşən hotellərdən birində görüş keçirərək hakimiyyətin zorakı yolla devrilməsi planlarını müzakirə ediblər.

Açıqlamada bildirilir ki, həmin şəxslər dövlət qurumlarının nümayəndələrinə hücum etməyi, polis əməkdaşlarını silahsızlaşdırmağı, hökumət binalarına, digər dövlət idarələrinə, habelə Serbiya Radio və Televiziyasının, “Happy TV” və “Informer” xəbər portalının redaksiyalarına silahlı basqınlar təşkil etməyi planlaşdırıblar.

Saxlanılan şəxslərdən birinin avtomobilində aparılan axtarış zamanı seriya nömrəsi silinmiş tapança, 7 patronlu daraq və əlavə olaraq 25 patron olan qutu aşkarlanıb. Bu şəxsə qarşı qanunsuz silah və partlayıcı maddə saxlamaq və daşımaq ittihamı ilə cinayət işi açılıb. Digər saxlanılan şəxsdən isə arbalet götürülüb.

Serbiya DİN-in məlumatına əsasən, saxlanılan şəxslərə 48 saatlıq həbs müddəti təyin edilib. Daha sonra onlar rəsmi ittihamlarla birlikdə prokurorluğa təqdim ediləcəklər. Hazırda ölkə üzrə bir neçə ünvanda axtarış tədbirləri davam edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: