Samvelin 2026 həmləsi – Erməniləri Qarabağa qaytarmaq üçün PLAN

Separatçıların nümayəndəsi Samvel Babayan Ermənistanda seçki hazırlıqlarına başlayıb. O, Qarabağ ermənilərini bir araya yığaraq 2026-cı ildə keçirilməsi gözlənilən parlament seçkilərinə qatılmağı düşünür. Bununla yanaşı, Babayan tez-tez Qarabağa qayıdış məsələsini gündəmə gətirir. Bu onu göstərir ki, Ermənistanda separatçılıq toxumları hələ də qalmaqdadır.

Ümumiyyətlə, Babayan və digər separatçılar sülh müqaviləsindən sonra Qarabağla bağlı aktivləşə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib ki, Qarabağa ermənilərin dönüşü məsələsini gündəmdə saxlamaq üçün müxtəlif üsullar düşünülməkdədir:

“Samvel Babayanın bütün müsahibə və fəaliyyətində bu mövzu qabardılır, erməni cəmiyyətində cəlbedici variantlar seçilir ki, Babayan kimi separatçıların gələcək missiyaları üçün şərait yaransın. Babayan məhz Qarabağ ermənilərinin təmsilçisi qismində 2026-cı il seçkilərinə qatılmaq istəyir, elan etdiyi partiyanın lideri kimi deyil. Hesab edirlər ki, separatçılar mandat alsalar, Azərbaycana beynəlxalq təzyiqlərə nail ola bilərlər”.

Qafar Çaxmaqlının sözlərinə görə, indi Azərbaycana qarşı ərazi iddialarının necə təhlükəli olduğunu anladıqlarından bu niyyətlərini açıq söyləməkdən çəkinirlər:

“Geri dönüşün təməlində bir separatizm yatır, deyirlər ki, beynəlxalq zəmanətlə Qarabağa dönə bilərlər. Bu isə o deməkdir ki, geri dönənlərə hansısa hüquq tanınmalıdır. Samvel Babayan çox təhlükəli separatçıdır, erməni cəmiyyətində elə ciddi nüfuzu olmasa da, onun parlamentə girəcəyi təqdirdə təqdim olunan geri dönüş məsələsi gündəmi məşğul edə bilər. Amma geri dönüş məsələsi kiminsə arzusu ilə baş tuta bilməz. Azərbaycan siyasi olaraq bu prosesə beynəlxalq prizmadan baxılmasını önə sürsə də, Qarabağa ermənilərinin dönməməsi üçün əlimizdə ciddi arqumentlər var. İndiki halda erməni əhalinin geri dönüşü mümkün deyil”.

Safura Bənnayeva
Globalinfo.az