Bizi türk kababları gözləyir – Aşotyandan qəribə eyham

“Ermənistan-Rusiya müttəfiqlik münasibətləri bərpa edilməli, digər regional və qlobal oyunçularla münasibətlər ümumi maraqlar əsasında qurulmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan müxalifət nümayəndəsi Armen Aşotyan deyib.

“Ermənistan kimi bir dövlətdə xarici siyasət ilk növbədə ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etməlidir. Ancaq Nikol Paşinyanın uğursuz diplomatiyası və pis xarici siyasəti təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsinə gətirib çıxarıb. Təbii ki, müttəfiqlərin sayının çox olması hər bir ölkə üçün üstünlükdür. Təəssüf ki, Ermənistanın xarici siyasi vəziyyəti legitim müttəfiqlər tapmağa imkan vermir. Ona görə də Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini bərpa etmək, eyni zamanda digər regional və qlobal aktorlarla ümumi maraqlar əsasında münasibətlər qurmaq lazımdır”.

Aşotyanın sözlərinə görə, Nikol Paşinyan Ermənistanın siyasi kapitalını o qədər israf edib ki, geosiyasi mübarizədə ölkənin dəyəri kiçilib. 

“Və sonda fransız kruvasanlarının, Avstriya hot-doqlarının və italyan kapuçinolarının dadına baxmağa ümid edənlərə demək istəyirəm ki, belə templə bütün bunların əvəzinə Türk kababları bizi gözləyir”, – Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az