Direktor itlərin parçaladığı azyaşlıdan danışdı: “Yanında…” – VİDEO

Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Əliyev Amar Azər oğlu 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib. O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib.

“Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb. Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır” – deyə direktor qeyd edib.

Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:

“Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq”.

***13:00

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:

“Verilən məlumata görə uşaq 3 it tərəfindən hücuma məruz qalıb. Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi. Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib. Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb. Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib. Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib. Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir”.

“Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması bağlı öncədən proqnoz vermək hələ tezdir”, – deyə həkim qeyd edib.

***11:00

Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

***10:09

Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.

“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.

Videonu təqdim edirik: