Qənirə Paşayevanın həyat yolu – həkim, jurnalist, şair, millət vəkili…

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün vəfat edib.

Globalinfo.az Qənirə Paşayevanın dosyesini təqdim edir:

Paşayeva Qənirə Ələsgər qızı 7 mart 1975-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirib. Rus və ingilis dillərini səlist şəkildə bilib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olub. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

O, həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri olub.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilib. Məhz bu maraq onu deputatlığa qədər apardı. O, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bundan əlavə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, Vyetnam, Yaponiya, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Macarıstan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Qənirə Paşayeva bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub.

Qeyd edək ki, Qənirə paşayevanın bacarıqları özünü bədii sahədə də göstərib. Onun çox gözəl şeirləri, məqalələri vardır.

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitabları, “Bülbül kimi gül aşiqi” adlı məqalənin müəllifidir.

30 sentyabr 2011-ci ildə “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif edib.

Qənirə Paşayeva, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilib.

Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar cari ilin sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.