Qarabağı tərk edən ermənilərin bu addımı nə vəd edir? – Deputatın şərhi

Qarabağı tərk edən ermənilərin müəyyən hissəsi Avropa ölkələrinə qaçqın statusu ilə müraciət edirlər. Bu səbəbdən də bir çox xarici media Qarabağı tərk edən erməniləri qaçqın kimi qələmə verir. Bəs Azərbaycanın bu məsələdə atacağı addımlar hansılardır,

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, dinc erməni əhali bizim hədəfimiz deyil. Biz separatçılara, terrorçulara və bölgədə sülhə, sabitliyə təhdid yaradan digər qüvvələrə qarşı mübarizə aparırıq:

“Eyni zamanda prezident İlham Əliyev istər sentyabrın 20-də Azərbaycan xalqına müraciət edərkən, həmçinin Zəngilanda çıxış zamanı bildirdiyi kimi, biz ən yüksək formada Qarabağ ermənilərinin hüquq və azadlıqlarına, o cümlədən təhlükəsizliklərinə təminat verməyə hazırıq. Bütün bunların fonunda ermənilərin Qarabağı – Azərbaycan ərazisini tərk etməsi onların seçimidir və konstitusiyada təsbit olunmuş azadlıq hüququnun tərkib hissəsi olaraq Azərbaycan onların özlərinə yeni yaşayış yeri seçmək, ölkə ərazisini tərk etmək kimi hüquqlarına hörmətlə yanaşır.

Ermənilər köçərkən, özlərinin də ifadə etdiyi kimi, heç bir təzyiq, təhdid və məhdudiyyətlə üzləşməyiblər. Bunların fonunda, təbii ki, Azərbaycan ermənilərin seçiminə hörmətlə yanaşaraq onların Azərbaycan ərazisindən kütləvi köçünə mane olmağı doğru hesab etmir və bizim belə bir öhdəliyimiz də yoxdur”.

Deputat prezidenti İ.Əliyevin Azərbaycan ərazisində qalan ermənilərin təhsil, mədəni, dini və bələdiyyə hüquqlarına ən ali səviyyədə təminat verdiyini qeyd edib:

“Bu gün ayrı-ayrı güc mərkəzlərinin, o cümlədən Ermənistanın Qarabağın erməni əsilli sakinlərinə münasibətdə Azərbaycanın “etnik təmizləmə”, yaxud “deportasiya” siyasəti barədə danışması qəbuledilməz və qeyri-hüquqidir. İlk növbədə ona görə ki, həmin şəxslər Azərbaycan ərazisini könüllü formada tərk edirlər və hakimiyyət orqanları, o cümlədən müvafiq dövlət strukturları tərəfindən onların Azərbaycan ərazisini tərk etməsinə dair hər hansı çağırış, hər hansı fəaliyyət mövcud olmayıb. Qarabağ erməniləri könüllü şəkildə Azərbaycan ərazisini tərk etmələri barədə Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında Azərbaycan media orqanlarının həyata keçirdiyi audiovizual sorğularda da kifayət qədər aydın şəkildə iradələrini ifadə ediblər.

Digər tərəfdən, sirr deyil ki, Qarabağdan hazırda köç edən ermənilərin böyük əksəriyyəti həmin ərazilərə işğal dövründə Ermənistanın beynəlxalq hüquq pozuntusu olan qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Yaxın Şərqdən və dünyanın digər bölgələrindən köçürülüb gətirilmiş ermənilərdir və onlar da Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin ortaqları olduqlarını yaxşı dərk edirlər. Bu mənada Azərbaycanın ərazisini tərk ediblər”.

Bəhruz Məhərrəmov

B.Məhərrmov deyib ki, köçən insanların mütləq əksəriyyəti Ermənistan vətəndaşları olub və Dövlət Sərhəd Xidmətində də bununla bağlı keçid zamanı kifayət qədər ciddi, əsaslı baza formalaşıb:

“Ermənistan vətəndaşının Ermənistana qayıtması özlüyündə qaçqın, yaxud məcburi köçkün məfhumunu əhatələyə bilməz. Həmin şəxslərin Azərbaycandan Ermənistana keçdikdən sonra üçüncü bir dövlətin ərazisində, xüsusən Avropada sığınacaq alaraq qaçqın kimi məskunlaşmalarına gəlincə, bu proseslərin Azərbaycanla hər hansı siyasi-hüquqi bağı ola bilməz. İlk növbədə ona görə ki, Qarabağı tərk edən ermənilərin mütləq əksəriyyətində Azərbaycan yox, Ermənistan pasportu olub və həmin şəxslərlə bağlı hüquqi öhdəliklərə məhz Ermənistan cavabdehdir. Azərbaycan yalnız Azərbaycanın pasportunu alıb Azərbaycan vətəndaşlığını daşıyan şəxslərə münasibətdə cavabdehlik daşıya bilər. İndiki məqamda isə Ermənistan vətəndaşı olaraq həmin şəxslər öz ölkələrinə qayıtmaq hüquqlarını realizə ediblər”.

Deputat qeyd edib ki, Ermənistandakı yaşayışı bəyənməyib Avropaya üz tutanlara görə Azərbaycan yox, məhz Ermənistan özü məsuliyyət daşıyır:

“Azərbaycan hər zaman qanuni şəkildə Qarabağda yaşamış erməni əsilli sakinlərə münasibətdə aydın siyasət yürüdür və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunması istiqamətində bütün lazımi hüquqi addımlar atılır, eyni zamanda Azərbaycan Prezidenti tərəfindən də bu istiqamətdə ən ali təminatlar rəsmən bəyan olunub”.

Zaira Akifqızı
Globalinfo.az