Qarabağdan köçən ermənilər Azərbaycana hansı təhlükəni yaradır? – Deputatın cavabı

Bəzi təhlilçilərə görə, Qarabağdan ermənilərin kütləvi köçü Azərbaycana sərf etmir. İddia edilir ki, bu köç məqsədli təşkil edilir və yaxın gələcəkdə prosesi Azərbaycanın əleyhinə dəyişəcəklər. Yəni rəsmi İrəvan Qarabağdakı ermənilərin guya soyqırım təhlükəsi ilə üzləşdikləri üçün oradan getdiyini deyə və Azərbaycanı beynəlxalq aləmdə hədəfə gətirə bilər.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən azadlıq hüququnun mühüm tərkib hissələri kimi qanuni surətdə Azərbaycan ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi, həmin şəxsin özünə yaşayış yeri seçə bilməsi və Azərbaycan ərazisindən kənara gedə bilməsini təsbit edib:

“O cümlədən də Qarabağın erməni əsilli sakinləri azadlıq hüququna müvafiq olaraq Azərbaycan ərazisində qala, yaxud Azərbaycan ərazisini tərk edə bilər. Bu günə qədər Qarabağ ermənilərinin Azərbaycan ərazisini tərk etməsi üçün hər hansı təhdid mühiti, etnik təmizləmə cəhdləri mövcud olmayıb. Azərbaycan ərazisini tərk edən ermənilərin özlərinin də kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda, həmçinin ifadə etdikləri fikirlərdə qeyd olunduğu kimi, onlar Azərbaycanı könüllü şəkildə tərk edirlər. Azərbaycan dövləti də hüququn prinsiplərini rəhbər tutaraq onları Azərbaycan ərazisində – Qarabağ iqtisadi rayonumuzda məcburi şəkildə saxlaya bilməz”.

Bəhruz Məhərrəmov

Deputat deyib ki, ermənilər artıq vətəndaşlıq üçün Azərbaycana müraciət edirlər:

“Azərbaycan istər Vətən müharibəsi dövründə, istərsə də 23 saatlıq antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərini rəhbər tutaraq heç bir mülki şəxsi və mülki obyekti hədəfə almamaqla bizim ermənilərlə, dinc erməni sakinlərlə heç bir problemimizin olmadığını, onların Azərbaycan ərazisində sərbəst şəkildə yaşaya biləcəyini əməli olaraq ifadə edib və təsadüfi deyil ki, hər ötən gün Azərbaycan vətəndaşlığı üçün müraciət edən Qarabağ ermənilərinin sayı daha da artır. Belə olan halda bir qrup erməninin sonrakı periodlarda Azərbaycandan “zorla köçürülməsi”, “məcburi köçkün vəziyyətinə düşməsi” və yaxud “etnik təmizləmə siyasəti çərçivəsində qovulmasına” dair hər hansı iddiaları qəbuledilməzdir”.

B.Məhərrəmovun sözlərinə görə, əgər Azərbaycan Qarabağ ermənilərinin müraciət edənlərinə vətəndaşlıq verirsə, ölkədə yaşamaq istəməyib köçənlərin hər hansı formada Azərbaycan dövlətini sonrakı mərhələlərdə günahlandırması qəbuledilməzdir və qeyri-ciddi qəbul olunmalıdır:

“Üstəlik, Azərbaycan dövləti Azərbaycan ərazisini tərk edən ermənilərə kifayət qədər ləyaqətli formada və qanunun aliliyi şəraitində ölkədən çıxışına şərait yaratmış, Xocalıdan və digər ərazilərimizdən qovulan, çox çətin durumlara salınan soydaşlarımızdan fərqli olaraq onların könüllü formada, komfort şəraitində, avtomobillərində, bütün əmlaklarını özləri ilə götürərək çıxmasına imkan yaradıb”.

Zaira Akifqızı
Globalinfo.az