Səudiyyə Ərəbistanını Azərbaycan üçün önəmli edən məqamlar – Politoloq şərhi

Prezident İlham Əliyev Şuşada keçirilən konfransda çıxışı zamanı Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması məsələsinə toxunub. Prezident Səudiyyə Ərəbistanını qardaş, İranı isə qonşu ölkə adlandıırb. O, Səudiyyə Ərəbistanının Ermənistanla münasibətlərini əsas göstərib.

Bəs İlham Əliyevin Səudiyyəni belə dəyərləndirməsinə səbəb nədir?

Mövzunu Globalinfo.az-a şərh edən Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu bunun müstəqillik dövründə Azərbaycana qarşı münasibətlərə əsaslandığını bildirib:

“Əslində, bu dəyərləndirmənin səbəbi hər iki ölkənin Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra məsələlər, əsasən də Qarabağla bağlı sərgilənən mövqelərlə bağlıdır. Sözdə hər iki ölkə Azərbaycanın ərazi bütünlüyünü tanısa da, son 30 ildə bu iki ölkənin Ermənistana münasibətdə siyasətləri fərqli oldu. Əgər Səudiyyə Ərəbistanı Azərbaycana dəstək olaraq Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edən azsaylı dövlətlərdən biri oldusa, İran hər formada Ermənistanla münasibətlərini dərinləşdirmək istiqaməti götürdü və faktiki olaraq Cənubi Qafqaz siyasətində bu ölkəni özü üçün strateji müttəfiq sifətində qəbul etdi”.


Vüqar Zifəroğlu

Ekspert Səudiyyə Ərəbistanı və İranın Bakı ilə münasibətlərini nəzərə çatdırıb:

“Bu gün ölkəmiz Səudiyyə Ərəbistanı ilə bir sıra sahələrdə sıx əməkdaşlıq edir, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla davam etdirilir. Və bu münasibətlər hər zaman artan dinamika ilə inkişaf edib. İranla bağlı isə istər 90-cı illərdə, istərsə də müstəqilliyimizin sonrakı dönəmlərində heç də qonşuluq prinsiplərinə uyğun olmayan yanaşmaların şahidi olmuşuq. Təəssüf ki, bu yanlış yanaşmanı bu gün də görməkdəyik”.

Ayşən Mustafa
Globalinfo.az