Əhaliyə pulla bağlı vacib xəbərdarlıq – Sabiq nazir çağırış etdi

Yeni il öncəsi restoran və istirahət mərkəzlərində müşahidə olunan qiymət artımı ciddi müzakirə edilir. Bəzən büdcəsi az olan vətəndaşlar da bahalı bayram tətili keçirmək üçün əlavə məsrəfə gedirlər. Bu, sanki yoluxucu xəstəliyə çevrilib. Əksəriyyət komfortlu və bahalı həyat yaşamaq istəyir.

Maraqlıdır ki, bayram tətilləri üçün ölkəxarici və ölkədaxili turların, restoranların, istirahət mərkəzlərinin qiymətləri kifayət qədər yüksək olsa da, əksəriyyət tətili evində yox, həmin məkanlarda keçirməyə üstünlük verir. Getdikcə yaranan tendensiya belədir: heç kim bayramı evində keçirmək istəmir. Bu isə əlavə sosial problem, məişətdə gərginlik, ailələrdə narazılıq yaradır.

Bəs bu qədər pul verməyə, xərc çəkməyə dəyərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov insanların böyük əksəriyyətinin  ailə büdcəsini düzgün idarə edə bilmədiklərini deyib:

Fikrət Yusifov

“Bu böyük bir elm olmasa da, çox insanlar onun idarə olunmasında çətinliklərlə üzləşirlər. Söhbət bir ailənin müəyyən dövr üçün – məsələn, bir ay üçün daimi xərclərindən və birdəfəlik xərclərindən gedir. İnsanların büdcəsini ayın sonunda acınacaqlı hala gətirən bir qayda olaraq ay ərzində onların həyata keçirdikləri çoxsaylı kiçik və birdəfəlik xərclər olur. Belə xərclər məbləğ etibarilə kiçik olduğundan insanlar onlara əhəmiyyət vermir və ay ərzində bu qəbildən olan çoxsaylı xərclərə yol verirlər. Əgər bir insan ay ərzində daimi xərclərdən (ərzaq xərci, kommunal xərclər, avtomobil benzininə çəkilən xərclər və s.) başqa digər xərclərinin uçotunu aparıb, ayın sonunda onun həcminə diqqət edərsə, bu halda bu kiçik xərclərin sonda nə qədər böyük olduğunu görər”.

F.Yusifov bildirib ki, bütün hallarda ailə büdcəsinin planlaşması aparılmalıdı:

“Bu halda hər kəs hara nə qədər pul xərcləyə biləcəyinin fərqində olur. Əks halda isə dediyimiz mənzərə yaranır. Hər bir kəsin, hər bir ailənin xərcləri onun büdcəsinə uyğun aparılarsa onda insanlar ayın sonunda vəsait çatışmazlığından şikayət etməzlər. Bir məsələni unutmaq lazım deyil ki, pul heç vaxt çox olmur. O həmişə hamı üçün – varlı üçün də, kasıb üçün də – çatışmır”.

Zaira Akifqızı
Globalinfo.az