Pekindən Londona uzanan yolun Azərbaycandan keçməsi reallaşsa… – İki şərh

Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə görüşündə Zəngəzur dəhlizinin açılacağı tarixi elan etdi.

Dövlət başçısı bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-i, avtomobil yolu üzrə 70%-i icra olunub.

“Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, – Prezident İlham Əliyev vurğulayıb.

Mövzu ilə bağlı siyasi icmalçı Murad Sadəddinov Globalinfo.az-a bildirib ki, Cənab Prezident bu tarixi hələ iki il öncə Zəngəzur dəhlizinin tikilməsi ilə bağlı işlər başlayanda səsləndirmişdi.

“Xatırlayırsınızsa, Ağbənd yolunun təməlqoyma mərasimində Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılması ilə bağlı öz fikirlərini söyləmişdilər. Azərbaycan bu sahədə fəaliyyətini davamlı həyata keçirir və əminəm ki, gələn il biz dəhlizin açılmasının şahidi olacağıq”.

M.Sədrəddinov qeyd edib ki, bu gün Azərbaycan tranzit ölkə kimi regionda vacib elementə çevrilib:

“Türk Dövlətləri Birliyi çərçivəsində Orta Asiyanı Türkiyə ilə birləşdirən yeganə ölkə Azərbaycandır. Tranzit yolların inkişaf etdirilməsi, onların effektivliyinin artırılması çox vacib amildir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Bu dəmir yolu Türkiyəni Azərbaycanla və Azərbaycanı Xəzər dənizi üzərindən Orta Asiyanın üç qardaş ölkəsi Türkmənistan, Qazaxıstan, Qırğızıstan ilə birləşdirir. Amma Zəngəzur dəhlizinin açılması yolun qısalmasına gətirib çıxaracaq ki, bu da göndərilən yüklərin qiymətlərini ucuzlaşdıracaq. Öz növbəsində yolun dünya yükdaşıyan şirkətləri üçün əlverişli olduğunu bir daha sübut edəcək. Bu gün türk dövlətlərini birləşdirən əsas faktorlardan da biri böyük iqtisadi perspektivimizdir. Bunların içində kommunikasiya faktoru vacib amildir.

Biz tranzitdən danışanda təkcə türk dövlətlərini nəzərə almamalıyıq. Burada söhbət Orta Dəhlizdən gedir. Bu, əsasən Çin, Pakistan, Əfqanıstandan gələn yüklərin Türkiyə və Avropa bazarlarına çıxarılması və Avropadan əks istiqamətdə daşınmasını nəzərdə tutur. Rusiyaya tətbiq olunan sanksiyalar çərçivəsində dünyanın aparıcı konteyner şirkətləri yükləri Azərbaycan tərəfdən Avropa bazarlarına çatdıracaq”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev bu ilin on ayı ilə ötən ilin həmin dövrünü müqayisə edərək Azərbaycanın tranzit vasitəsilə yükdaşımalarının sayının 80 faiz artdığını deyib:

“Azərbaycan yük artımının tələbatına uyğun olaraq imkanlarını genişləndirməyə çalışır. Hazırda Ələt Beynəlxalq Dəniz limanının yükdaşıma imkanları 15 milyon tondursa, Azərbaycan bunu 25 milyon ton yükə qədər genişləndirmək üçün fəaliyyətə başlayıb.

Bütün bu faktorlar Azərbaycanın geopolitik baxımdan güclənməsinə gətirib çıxarır. Vaxtilə bəzi beynəlxalq qurumlar tranzit layihələrin həyata keçirilməsi üçün lazımi layihələrin hazırlanması, vaxtında investisiyaların qoyulmasına qarşı çıxsa da Azərbaycan bunları həyata keçirirdi.

Azərbaycan vaxtilə çox uzaqgörən siyasət yürütdü. Avropanın enerji təhlükəsizliyinin təminatı baxımdan ölkəmizin rolu kifayət qədər artıb. Neft və qaz kommunikasiyalarının inkişafı nəticəsində bu gün Avropanın cənub regionları üçün ən stabil partnyora çevrilmişik”.

Ekspertin fikrincə, Azərbaycanın iqtisadi rolu artdıqca, siyasi rolu da paralel olaraq artacaq:

“Xəritəyə baxsaq görərik ki, Azərbaycan beynəlxalq güclərlə problemləri olan iki böyük ölkənin arasında yerləşib və artıq coğrafi baxımdan təbii dəhliz kimi formalaşıb. Azərbaycan tərəfi bütün mümkün amilləri nəzərə alaraq dünya birliyində çağırışlara cavab verir. Azərbaycana qarşı vaxtilə olan geopolitik təpkinin qarşısını alaraq Qarabağı işğaldan azad edə bilib”.

Politoloq Əziz Əlibəyli Globalinfo.az-a açıqlamasında bildirib ki, Laçın dəhlizindəki aksiyalar fonunda Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama ilə son tarixi müəyyənləşdirmiş oldu:

“Cənab Prezidentin dediyi 2024-cü il məsələsi iki vacib faktora bağlıdır. Bunlardan birincisi Ermənistanla sülh müqaviləsi məsələsidir. Bu birbaşa təhlükəsizlik aspekti ilə əlaqədardır. İkincisi isə texniki məsələdir ki, 2023-cü ildə proseslər yekunlaşacaq.

Digər detal Laçın və Zəngəzur dəhlizlərinin hüquqi rejiminin eyni olması ilə əlaqədardır. Bu baxımdan, Zəngəzur dəhlizi dərhal açılmalı və onun hüquqi rejimi Azərbaycanın da vətəndaşları və daşımaları üçün rahat istifadə halına gəlməlidir. Şübhəsiz, burada əsas məsələ qlobal yükdaşımalarla bağlıdır”.

Ə.Əlibəyli qeyd edib ki, Azərbaycanın beynəlxalq mərkəzə çevrilməsi arxasında dayanan ən böyük uğur ölkə rəhbərinin qlobal konfiqurasiyanı adekvat qiymətləndirməsi idi:

“Rusiya-Ukrayna savaşı yeni dünya düzəninin təşkilinə və sanksiya altında olan Rusiya ucbatından dağıdılmış beynəlxalq kommunikasiya yollarının alternativlərinin axtarılmasına səbəb oldu. Bu alternativləri biz Orta Dəhliz adlandırırıq. Bu isə Cənubi Azərbaycan üzərindən keçməklə Zəngəzur dəhlizi ilə reallaşır.

Cənab Prezidentin Pekindən Londona qədər davam edən yolun Azərbaycandan keçməsini reallaşdırması ilə bağlı addım atması dönəmin ən böyük nailiyyətidir. Bu, Azərbaycanın sonrakı taleyinə ciddi təsir göstərəcək”.

Gülnar Səlimova
Globalinfo.az