Papa prezidentə qəzəbləndi – Vatikan bu ölkədəki səfirliyini bağladı

Vatikan şənbə günü hökumətin diplomatik münasibətləri dayandırmaq təklifindən sonra Nikaraquadakı səfirliyini bağladığını elan edib.

Globalinfo.az Axar.az-a istinadla  xəbər verir ki, bu barədə “Assoşeyted Press” anonim mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, Vatikanın Manaquadakı nümayəndəsi Marsel Diuf da cümə günü ölkəni tərk edərək Kosta-Rikaya gedib.

Nikaraqua Prezidenti Daniel Orteqa ilə kilsə arasında münasibətlər 2018-ci ildən pozulmağa başlayıb. Həmin vaxt Nikaraqua hakimiyyəti hökumət əleyhinə nümayişləri zorakılıqla yatırıb, bəzi katolik liderlər isə etirazçılara öz kilsələrində sığınacaq verib.

Orteqa müxalifətə rəğbət bəslədiyinə görə kilsə xadimlərini “terrorçular” adlandırıb. Onlarla din xadimi həbs edilib, ölkədən qaçıb və ya sürgün edilib.

Papa Fransisk məsələ ilə bağlı bir müddət səssiz qalsa da, martın 10-da Argentina mediasına Orteqanın rəhbərlik etdiyi hökuməti Hitlerin hökuməti ilə müqayisə edib və “kobud diktatura” adlandırıb.