ABŞ-da doqquz nəfərin ölümünə səbəb olan epidemiya qeydə alınıb. “Meymun çiçəyi” (mpox) haqda söhbətlər intensivləşdiyi vaxtda indi də yeni xəstəlik gündəmə gətirilib. Görünür, bu cür epidemiya həyatımıza girib və artıq bəşəriyyət fövqəladə vəziyyətlə yaşamağa məcbur olacaq.
Savaşlar bir yandan dünyanı gərginlikdə saxlayır, ekoloji fəlakətlər başqa yandan, epidemiya, pandemiya da bir başqa tərəfdən. Bəs, çıxış yolu yoxdurmu?
Globalinfo.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, aşırı insan artımı, insanların fauna-floranı sıxışdırması, onlarla kontakta girməsi müxtəlif infeksiyaların baş almasına gətirib çıxarır.
Həkimin sözlərinə görə, əslində, koronavirus da kontakt vasitəsilə baş verib:
“Meymun çiçəyi”i virusunun ötən əsirin 70-ci illərində insana transfer olunduğu düşünülür. Yenidən isə 2022-ci ildə bir neçə epidemik ocaqları qeydə alındı. Elə yerində də lokallaşdırı bildilər. Amma mutasiya edən virusların bir xüsusiyyəti var ki, onlar nə vaxtsa çox aqressiv formaya keçirlər. Bu aqressiv forma da özünü daha intensiv yayılma, ağırlaşma, ölüm göstəriciləri ilə göstərir. Bunun pandemiyasının olacağı düşünülmür, gözlənilmir də. Lakin hər halda epidemik ocaqlar ola bilər. Ona görə də, vaxtında tədbirlər görülməlidir”.
Adil Qeybulla
A.Qeybulla qeyd edib ki, biz qloballaşan dünyada yaşayırıq və bu gün insanlar dünyanın istənilən bir küncündən, başqa küncündə peyda ola bilərlər:
“O baxımdan da xəstə adamların transferi bu yoluxmalara gətirib çıxara bilər. “Meymun çiçəyi” virusu kontakt yolu ilə yayılır. Lakin bu, onun sürətlə və geniş yayılmasına imkan vermir. Amma istənilən halda, hər ölkədə müəyyən bir yayılma arealı olsa, bu, ciddi bir narahatlıq yaradacaq. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada fövqəladə vəziyyət elan edib və bütün dünya ölkələri də buna riayət eləməlidir”.
A.Qeybulla deyib ki, dünya fövqəladə vəziyyət rejimində çalışmalıdır:
“Ona görə fövqəladə rejimində çalışmalıdır ki, lazımı profilaktik tədbirlər görsünlər, infeksiyanı aradan qaldırmaq üçün bütün imkanlardan istifadə etsinlər. Məsələ məhz bundan ibarətdir. Hər birimiz diqqətli olmalıyıq. İstənilən ölkədə bu baş verə bilər. Ona görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməliyik”.
Zaira Akifqızı
Globalinfo.az