122 milyonu oğurlayan məmur vəzifədə qalır, min manat rüşvət alan isə tutulur – NİYƏ?

Neçə gündür “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin adı 72 milyon dollar (122 milyon manat) vəsaitin israf edilməsi ilə bağlı hallandırılır. Peşəkar və sosial mediada bu haqda yazılır, tənqidlər olur. Amma “Azərsu” ASC bununla bağlı mövqe bildirməyib.

Mətləbə keçmədən öncə məsələnin mahiyyətini bir daha xatırladaq.

Hesablama Palatasının açıqladığı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələri ciddi müzakirələrə səbəb olub.

Ümumi dəyəri 72,02 mln. ABŞ dolları olan layihənin düzgün icra edilmədiyi, kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmənin aparılmadığı və s. kimi neqativ hallar üzə çıxıb. Məlumata görə, qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib.

Palatanın rəyinə əsasən bu isə Qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüz edir.

Rəydə daha sonra deyilir ki, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər üzə çıxıb. Bu isə Qurğunun su təmizləmə qabiliyyətini yararsız edib.

Bu açıqlama kifayət edir ki, bu qədər böyük məbləğin israf edilməsində, korrupsiya yeminə çevrilməsində iştirakı olan vəzifəli şəxslər istintaqa cəlb edilsin. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi sorğu-suala tutulsun, hüquqi məsuliyyət altına alınsın. Baş Prokurorluq aidiyyəti üzrə araşdırmalara başlasın. Bu haqda cəmiyyətə məlumat verilsin. Fəqət bunların heç biri baş vermir.

Min manat rüşvət alan məmur haqda “Kurtlar Vadisi” janrında “film” hazırlayan hüquq mühafizə orqanları nədənsə 72 milyon dolları israf edənlər barədə susur. Bu işin müəlliflərinin tapılaraq (əslində, xüsusi axtarmağa da ehtiyac yoxdur) qanun qarşısında cavab vermələri təmin edilsin.

Qorxmaz Hüseynov

Bu günlərdə mətbuatda belə xəbər yayılmışdı: Qorxmaz Hüseynov “Azərsu” ASC-ni hələ də idarə edir. Bu, olduqca maraqlı və araşdırılmalı faktdır. Həm də araşdırılsın ki, 72 milyon dollar vəsait Q.Hüseynovun sədr olduğu dövrdə talan edilib? Əslində, Qorxmaz Hüseynovdan sonra onun komandası “Azərsu”dan tam kənarlaşdırılmalı idi. Korrupsiya və oğuqluq zəncirini başqa necə dağıtmaq olar?!

Təsəvvür edin, günlərdir bu mövzu müzakirə olunur, yazılır, di gəl, cavabdehlər – “Azərsu” rəhbərliyi çıxıb media vasitəsilə cəmiyyəti doğru düzgün məlumatlandırmır. 72 milyon dollar 122 milyon 400 min manat edir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Bu qədər böyük vəsaitin korrupsiya yeminə çevrilməsinin cavabı mütləq verilməlidir.

Hesablama Palatası indiyədək bu cür faktları dəfələrlə aşkarlayıb, açıqlayıb. Təkcə “Azərsu” ilə bağlı olmayıb belə faktlar. Digər dövlət qurumlarının fəaliyyətində analoji hallara rast gəlinib. Ən böyük vergiödəyicisi olan böyük şirkətlərin dotasiya ilə, ziyanla işlədiyi deyilir. Bu günlərdə iqtisadçı Natiq Cəfərli yaxşı bir ifadə işlətdi. Dedi ki, “Azərsu” və digər dövlət şirkətləri zərərlə işləyirsə, onların rəhbərlərinin oliqarx həyatı nədir bəs? Bunların yaşadıqları villaların qiyməti hər şeyi ortaya qoyur. Gerçəkdən, ərəb şeyxlərinin həsəd aparacağı həyat tərzi yaşayan bu məmurların rəhbərlik etdikləri müəssisələr dövlətin və millətin canına elə daraşıblar ki… Dotasiya alırlar, onu da korrupsiya yolu ilə mənimsəyirlər. Bu haqda yerli və xarici mənbələrdə onlarla faktlar var. Dəqiq araşdırmalarla sübuta yetirilmiş bu külli miqdarda mənimsəmə faktlarına görə cavab verməli olan şəxslər əllərində fürsət düşəndə medianı günahkar çıxarırlar. Halbuki onların əsas işlərindən biri də mətbuatın sorğularına cavab verməkdir. Bu yolla fəaliyyətləri cəmiyyətə çatdırılır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bununla bağlı məmurlara xəbərdarlıq edib. Neçə məmur rüşvət, korrupsiya faktına görə həbs edilib. Hazırda bu bədəməl sahibi olan onlarla məmur həbsdədir. Son olaraq Naxçıvan Muxtar Respublikasında ötən ilin noyabr ayının əvvəlindən başlayan antikorrupsiya əməliyyatları nəticəsində Vasif Talıbov başda olmaqla xeyli şəxs vəzifədən uzaqlaşdırıldı. Neçəsi həbs edildi. Amma bu qədər olanlardan sonra yenə də dövlətin vəsaiti, millətin varidatı talan edilir.

Mütəxəssislər bu talançılığın, oğurluğun qarşısını almaq üçün təkcə cəza mexanizminin, qorxu mühitinin olmasını yetərli saymırlar. İdarəetmə sistemində dəyişikliyə, islahatlara gedilməsi məsələsi vaxtaşırı bildirilir.

İnanaq ki, 2018-ci ildən start götürmüş növbəti islahat prosesi özünün pik nöqtəsinə çatana qədər davam edəcək. Yaxşı ki, ortada ali iradə – Prezident İlham Əliyevin mövqeyi var. Bu fakt gələcəyə nikbin baxmağa imkan verir…

Aydın Aslan
Globalinfo.az