Rəsmi Bakının “atışma yoxdur” açıqlamasına ermənilərin “Kəlbəcərdə toqquşma var” cavabı

Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində regionla bağlı müsbət mesajlar verib.

Sitat:

“Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir”.

30 ildən çox qarşılıqlı atışmalar, şiddətli döyüşlər və azı üç müharibənin (1992-1994, 2016, 2020) yaşandığı keçmiş münaqişədə indi bəlkə də ilk dəfə silahlar susub. Və Bakı sülh prosesində maraqlı tərəf kimi bunu “ordular kazarmalara qayıtdı, atışma yoxdur” kimi dəqiq ifadə ilə açıqlayır.

Bəs görək qarşı tərəfdə – Ermənistandakılar nə deyir? Ötən gün erməni mediası guya Azərbaycan əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə məlumat yayıb.

Bundan başqa, yenə guya (!) Ordumuz 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutub.

Burada böyük bir sual ortaya çıxır – NİYƏ?

Bayramın-bayrama qarışdığı bir vaxtda sülh prosesində maraqlı olan Azərbaycan niyə belə addım atsın?

Bu azmış kimi, deyirlər, guya azərbaycanlı əsgərlər Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyub və təhqiramiz sözlər yazıblar.

Azərbaycan Ordusu yazmağına yazıb – amma Şanlı Zəfər tarixini.

Erməni mediası isə “Zoda hücum” məlumatını tirajlayıb xaos yaradır və qəribədir ki, həmişə “hər şeyə” operativ reaksiya verən Ermənistan MN susur, susur və uzun müddət sonra təkzib xəbəri yayır.

Diqqətçəkən məqam budur ki, sözügedən saxta məlumat Ermənistan XİN-in “qoşunların sərhəddən güzgü prinsipi ilə çəkilməsi” və Azərbaycandan Zəngəzur dəhlizinin açılmasının zəruriliyi ilə bağlı fikirlərin səsləndirildiyi vaxtda ortaya atıldı. Görünür, “Kəlbəcər istiqamətində atışma”, “Ordumuzun Zoda girməsi” iddiası bilavasitə rəsmi İrəvan tərəfindən mediaya ötürülüb. Ermənistan MN-in bu xəbəri saatlar sonra təkzib etməsi də bunun sübutudur.

Ermənistan bununla “qoşunlar sərhəddən “güzgü prinsipi” ilə çəkilmədikcə gərginlik ehtimalı həmişə olacaq” iddiasını gücləndirməyə çalışır. Paralel olaraq da “sərhəddə toqquşma riski olduğu məqamda Zəngəzur dəhlizinin açılması təhlükəlidir” fikrini yaratmağa cəhd edir.

Prosesi ümumiləşdirəndə bir nəticə hasil olur: İrəvan sülhdən yayınır və bu cəhdlər onu növbəti iqtisadi, demoqrafik və hərbi fəlakətə sürükləyir. Siyasilərimizin dediyi kimi, “Ermənistan bəlkə də sonuncu tarixi şansı qaçırır…”

Aqşin Evrən
Globalinfo.az