Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sənətşünas, Yelizaveta Lixaçova tərəfindən səsləndirilən “Hərb və Sülh” romanının yarısının fransız dilində yazıldığı iddiasını “yalan” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, romanın ilk fəsillərində fransız dilindən istifadə təxminən 20 faiz təşkil edir, sonrakı hissələrdə isə bu göstərici demək olar ki, sıfıra enir.
O bildirib ki, əsərdə ümumilikdə 478 min 458 söz var, onlardan cəmi 15 min 40-ı fransız dilindədir. Bu isə romanın cəmi təxminən 3,31 faizinin fransızca olduğunu göstərir.
“Bu əsəri içindəki mətnin guya yarısının xarici dildə olmasına görə rus əsəri saymamaq, hətta ən sadə hesablamalar və elementar riyaziyyat baxımından belə mümkün deyil”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova qeyd edib ki, Lev Tolstoy romanda fransız dilindən XIX əsrin əvvəllərinin ab-havasını yaratmaq məqsədilə istifadə edib.
Onun sözlərinə görə, həmin dövrdə Rusiya zadəganları arasında fransız dilinə və mədəniyyətinə güclü meyl vardı, bu isə milli mədəniyyətdən uzaqlaşmanı, Napoleon Bonapart şəxsiyyətinə heyranlığı və xalqla bağların zəifləməsini əks etdirirdi.
Günel Cəlil
Globalinfo.az