Ramzan Kadırov Rusiyanın hakim “Vahid Rusiya” Partiyası tərəfindən Çeçenistan rəhbəri vəzifəsinə namizəd irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın Çeçenistan regional şöbəsinin katibi və respublikanın Baş naziri Maqomed Daudov öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Qroznıda keçirilən regional konfransda Kadırovun namizədliyi yekdilliklə təsdiqlənib.
Daudov bildirib ki, bu qərar hazırkı respublika rəhbərinin Çeçenistan və bütövlükdə Rusiya qarşısındakı böyük xidmətlərinin və genişmiqyaslı fəaliyyətinin məntiqi qiymətləndirilməsidir.
Qeyd edək ki, Ramzan Kadırov 5 aprel 2007-ci ildə rəsmi olaraq Çeçenistan prezidenti vəzifəsinin icrasına başlayıb. 2010-cu ilin sentyabrından isə Çeçenistan Respublikasının rəhbəri titulunu daşıyır.
Çeçenistanda əvvəlki rəhbər seçkiləri 2021-ci ildə keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, həmin seçkilərdə seçicilərin 99,7 faizi Kadırovun lehinə səs verib.
Çeçenistan rəhbərinin növbəti seçkiləri 20 sentyabr 2026-cı ildə, Rusiyada keçiriləcək vahid səsvermə günü çərçivəsində baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl “Vahid Rusiya” Partiyası Rusiya Dövlət Dumasına keçiriləcək seçkilər üçün namizədlərin irəli sürülməsi prosesini də başa çatdırdığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az